XİN: Livandakı səfirlik Azərbaycan vətəndaşının cənazəsinin Bakıya göndərilməsinə çalışır

XİN: Livandakı səfirlik Azərbaycan vətəndaşının cənazəsinin Bakıya göndərilməsinə çalışır XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır
Xarici siyasət
31 Avqust , 2017 11:44

Bakı. 31 avqust. REPORT.AZ/ Xarici İşlər Nazirliyi Livanda vəfat edən Azərbaycan vətəndaşının cənazəsinin Bakıya gətirilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib. 

XİN-nin mətbuat xidmətindən "Report"a veriləm məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində avqustun 28-də səhər 5.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Əliyev Xəzəri avtomobil vurub: "Azərbaycanın Livandakı səfirliyindən aldığımız məlumata görə, Əliyev Xəzər hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq həmin gün təqribən saat 11.00 radələrində vəfat edib. Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayıb".

XİN-dən bildirilib ki, dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gəlib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyətini müəyyən edilib: "Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.

Livanda olduğu müddətdə Əliyev Xəzər səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.

Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb.

Azərbaycan Respublikasının Livandakı səfirliyi Beyrut polisi, xəstəxana və hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır.

XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır". 

Son xəbərlər

Orphus sistemi