XİN başçıları Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələri ilə bağlı məsələni müzakirə ediblər - YENİLƏNİB

XİN başçıları Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələri ilə bağlı məsələni müzakirə ediblər - YENİLƏNİB Azərbaycan Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşü barədə məlumat yayıb.
Xarici siyasət
26 Sentyabr , 2019 11:48
XİN başçıları Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələri ilə bağlı məsələni müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşü barədə məlumat yayıb. 

Nazirlikdən "Report"a bildirilib ki, görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.

Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Xarici İşlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar. 

Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər.

Tərəflər, həmçinin “Azərbaycan-Gürcüstan-Türkiyə” üçtərəfli platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

GUAM çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirən Nazirlər, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində keçiriləcək GUAM Xarici İşlər nazirlərinin görüşünə dair məsələləri müzakirə ediblər.

Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.


*** 09:31

BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğu bir daha vurğulanıb.

Nazirlər Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya komissiyası çərçivəsində görüşlərin bərpa olunmasını və tərəflərin konstruktiv yanaşma ilə məsələnin həllinə hazır olmalarını alqışlayıblar. Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələri ilə bağlı işi müsbət qiymətləndirilib.

Tərəflər iki ölkənin beynəlxalq tranzit və enerji layihələrinin reallaşdırılması sahəsindəki əməkdaşlığını yüksək dəyərləndiriblər. 

Görüşdə Gürcüstan və Azərbaycanın GUAM çərçivəsində fəal əməkdaşlığı, təşkilata üzv ölkələrin nazirləri arasında və BMT Baş Assambleyası çərçivəsində müntəzəm görüşlər müsbət qiymətləndirilib. 

Son xəbərlər

Orphus sistemi