Səbinə Əliyeva UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Səbinə Əliyeva UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.
Xarici siyasət
25 Dekabr , 2019 17:23
Səbinə Əliyeva UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib. 

"Report"un məlumatına görə, görüşdə Ombudsman UNİSEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, uşaq hüquqları, o cümlədən qaçqın və məcburi köçkün uşaqların hüquqları üzrə mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ombudsman uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlərdən, uşaq hüquqlarının tədrisi və monitorinqi sahəsində formalaşdırılmış təcrübədən, maarifləndirici nəşrlərin hazırlanmasından, əlilliyi olan uşaqların hüquqlarının qorunmasından, habelə əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya üzrə müstəqil monitorinq mexanizmi olaraq müvafiq fəaliyyətdən, bu sahədə gələcək əməkdaşlıq imkanlarından danışıb.

Görüşdə Ombudsman təsisatı ilə UNİSEF arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Uşaq Hüquqları Konvensiyasının müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla regionlarda uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılması sahəsində tədbirlərin, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirmə işinin davam etdirildiyi, tədris vəsaitlərinin çap olunaraq yayıldığı, dövlət uşaq müəssisələrində birgə monitorinqlərin aparıldığı qeyd olunub.

Bunlarla yanaşı, dövlət uşaq müəssisələrində yaşayan uşaqların buraya düşmə səbəblərinin araşdırılması, onların və ailələrinin dəstəklənməsi istiqamətində aidiyyəti qurumların imkanlarının sistemləşdirilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, əlilliyi olan uşaqlarla bağlı hesabatlılığın inkişaf etdirilməsi, müxtəlif səbəblərdən qeyri-hökumət təşkilatlarının sığınacaqlarında məskunlaşmış uşaqların vəziyyətinin və həmin müəssisələrin birgə monitorinqinin aparılması, regionlarda tematik mövzular ətrafında, o cümlədən uşaqlara qarşı zorakılığının qarşısının alınması ilə bağlı birgə ictimai dinləmə və müzakirələrin keçirilməsinin əhəmiyyəti və digər bu kimi məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

Ombudsman Səbinə Əliyeva hər iki valideynini itirmiş azərbaycanlı uşaqların Suriyada məhrumiyyətlərlə üzləşərək çətin vəziyyətdə qaldıqlarını, onların pozulmuş hüquqlarının bərpasının və qısa müddət ərzində öz ölkələrinə gətirilməsinin vacibliyini, bu məsələdə UNICEF-in dəstək göstərməsinin əhəmiyyətli olacağını qonağın diqqətinə çatdırıb.

Yekunda qonaq səmimi qəbula və əhatəli fikir mübadiləsinə görə öz minnətdarlığını bildirib, müxtəlif istiqamətləri əhatə edən əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi