Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryeva ilə görüşüb, daha sonra Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası Sofiyada baş tutub.
“Report” xəbər verir ki, tərəflər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq səviyyəsində olan ikitərəfli əməkdaşlıq münasibətlərinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipinə, eləcə də qarşılıqlı etimad və anlaşmaya əsaslandığını xüsusilə vurğulayıblar.
Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlığın cari vəziyyətini yüksək qiymətləndiriblər, eyni zamanda energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanların mövcud olduğunu ifadə ediblər.
Nazir Məmmədyarov Bolqarıstandan olan həmkarını bu ilin 14 dekabr tarixində Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyə dəvət edib.
İkitərəfli görüşdən sonra hər iki ölkənin nümayəndə heyətləri arasında Azərbaycan və Bolqarıstan Strateji Dialoqunun ilk iclası baş tutub.
İclasda ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri, o cümlədən ikitərəfli iqtisadi-ticarət münasibətləri, energetika, nəqliyyat, tranzit layihələrinin həyata keçirilməsi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri və bu xüsusda münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqların cari vəziyyəti, Azərbaycan və Bolqarıstanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əvəl xarici işlər naziri Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rumen Radev ilə görüşüb.