SOCAR futbol üzrə Avropa çempionatının final oyunu ərəfəsində Parisdə qəbul keçirib - FOTO

SOCAR futbol üzrə Avropa çempionatının final oyunu ərəfəsində Parisdə qəbul keçirib - FOTO Rövnəq Abdullayev: "Şirkət üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəlib"
Xarici siyasət
10 İyul , 2016 05:17
SOCAR futbol üzrə Avropa çempionatının final oyunu ərəfəsində Parisdə qəbul keçirib - FOTO

Bakı. 10 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının (Avro-2016) final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib.

"Report" AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov futbol üzrə Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın ötən bir ay müddətində uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək, bunun SOCAR-ın ilk sponsorluğu olduğunu və şirkətin üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb. Bir ay əvvəl Fransanın finala çıxmasını arzuladığını və bu gün arzusunun reallaşdığını deyib. O, Avropa Kuboku yarışlarının təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkür edib. Futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə də böyük yarışlar keçirəcəklərinə əminliyini bildirib.

Parisin 7-ci rayonunun meri Raşida Dati SOCAR-a sponsorluğuna və tərəfdaşlığına görə təşəkkürünü bildirib. R. Dati deyib: ”Fürsətdən istifadə edərək Azərbaycana dəstəyimi bir daha bildirmək istəyirəm. Yüksək səviyyəli Azərbaycan-Fransa münasibətlərini pozmağa çəhd edənlər var. Ancaq əminəm ki, ölkələrimiz arasındakı tarixi, dərin və möhkəm dostluq əlaqələri bütün mənfi manevrlərə üstün gələcək. Burada iştirak edən və bütün partiyaları təmsil edən deputatlar Azərbaycanı dəstəkləyirlər. Arzu edirəm ki, Azərbaycanın xoş günlərində yanında olan şəxsiyətlər onun çətinliklə üzləşdiyi anlarda da yanında olsun”.

Sonra Fransa Şəhər, Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi Tyeri Brayar qeyd edib ki, o da SOCAR, FİFA və Fransa arasında olan münasibətlərin daha da dərinləşməsinə çalışır. T. Brayar bildirib ki, Fransa Avropa Kuboku yarışlarının ən yüksək səviyyədə təşkili, bütün oyun zonalarında təhlükəsizliyin təmin edilməsi və oyunların xoş təssüratlarla yadda qalması üçün əlindən gələni edib.

Fransalı nazir “Bakı-2015” Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil edilməsinin şahidi olduğunu və ölkəmizin yeni beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malik olduğunu vurğulayıb. Avropa Kuboku yarışlarını yüksək səviyyədə təşkil etməsinə görə Fransaya olan təbriklərə sevindiyini qeyd edib.

Nazir Azərbaycanda güləş üzrə yarışlarda iştirak etdiyini və bu yarışlarda azərbaycanlı güləşçilərin qızıl medal qazandığını bildirərək, sabahkı final oyununun Fransada keçirildiyini və qalibin Fransa olacağına ümid etdiyini bildirib.

Sonda FİFA-nın prezidenti Ciani İnfantino Avropa Kuboku yarışlarının təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini 2020-ci ildə ölkəmizdə keçiriləcək “Avro-2020” futbol yarışlarına və bu yarışlardan əvvəl də Bakıya gəlməyə dəvət edib. O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Son xəbərlər

Orphus sistemi