Yuxarı

Səfirlik İtaliyada təhsil alan azərbaycanlı tələbələrin viza probleminə aydınlıq gətirib

Səfirlik İtaliyada təhsil alan azərbaycanlı tələbələrin viza probleminə aydınlıq gətirib
Səfirlik: Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq
© Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Bu il İtaliyada təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı 2016-cı illə müqayisədə iki dəfə artıb".

Bu barədə "Report"a İtaliyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Diplomatik nümayəndəlikdən bildirilib ki, İtaliya Azərbaycan vətəndaşı olan tələbələrin ən çox təhsil aldığı Avropa Birliyi ölkəsidir: "2016-cı ildə İtaliyada təhsil almaq üçün viza əldə edən azərbaycanlı tələbələrin sayı 252 olub. İtaliyanın Azərbaycandakı səfirliyi gələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbər vəzifələrdə çalışacaq gənclərin İtaliyada təhsil almaq seçimindən məmnuniyyət duyduğunu bildirir. Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya hökümətinin həyata keçirdiyi siyasətə əsasən, bu istiqamətdə yoluna davam etmək niyyətindədir. Əsas məqsəd yüksək profilli fakültələrdə təhsil almaq məqsədi ilə hazırlıqlı Azərbaycan gənclərini ən yaxşı İtaliya universitetlərinə göndərməkdir".

Səfirlikdən verilən məlumata görə, İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə səfirlik vasitəsilə İtaliya universitetlərinə edilən ilkin qəbul qeydiyyatı və İtaliya universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu avtomatik olaraq viza əldə etmək hüququ vermir.

"Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını peşəkarlıqla nəzərdən keçirir. Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq", - deyə səfirlikdən bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi