Yuxarı

Səfir: "Rəsmi Bakı oğurlanan azərbaycanlı iş adamları ilə bağlı Kiyevdən irəliləyiş gözləyir"

Səfir: "Rəsmi Bakı oğurlanan azərbaycanlı iş adamları ilə bağlı Kiyevdən irəliləyiş gözləyir"

Ukrayna bizim strateji tərəfdaşımızdır, biz də istərdik ki, ölkələrimiz arasında həll olunmamış məsələ qalmasın

Bakı. 24 iyul. REPORT.AZ/ "Azərbaycan rəhbərliyi baş verənləri diqqətlə izləyir və soydaşlarımızın taleyindən narahatlığını bildirir."

"Report"un məlumata görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın "Gordon" nəşrinə müsahibəsində bildirib.

"Bəzi məqamlar var, onlar barədə susmaq olmaz. 2014-2015-ci illərdə 8 azərbaycanlı iş adamı oğurlandı. Onlardan pul tələb ediblər. Bəziləri pul verərək canını qurtarıb, başqaları isə hələ də geri qayıtmayıb və itkin düşmüş sayılır", - A.Xudiyev deyib.

O xatırladıb ki, Azərbaycan nümayəndələri Ukraynanın Baş prokuroru Yuri Lutsenko, onun birinci müavini, həmçinin Ukrayna DİN başçısı Arsen Avakovla görüşüblər.

"Hər iki halda bizi əmin ediblər ki, bütün insidentlər maksimum operativ və obyektiv araşdırılacaq. Təəssüf ki, zaman keçir, lakin istintaqda irəliləyiş görmürük. Ən ağır məqamlardan biri, inanın ki, araşdırmanın nəticələri barəsində Bakıdan gələn suallara bizim cavab verə bilməməyimizdir", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi baş verənləri diqqətlə izləyir və soydaşlarımızın taleyindən narahatlığını bildirir, çünki Ukraynada təxminən yarım milyon azərbaycanlı yaşayır.

"Bundan başqa, Ukraynada təqribən 11 min azərbaycanlı tələbə ali təhsil alır. Ukrayna bizim strateji tərəfdaşımızdır, biz də istərdik ki, ölkələrimiz arasında həll olunmamış məsələ qalmasın", - səfir diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi