Yuxarı
    Bağlamaq

    Səfir: “Azərbaycan Vişeqrad qrupu ölkələri ilə sıx əməkdaşlıq edir”

    Zviad Çumburidze: Gürcüstanın Vişeqrad qrupu ilə əməkdaşlığı GUAM ölkələri üçün də körpü olacaq
    © Report

    Tbilisi. 16 noyabr. REPORT.AZ/ Noyabrın 16-da Tbilisidə Vişeqrad qrupu ölkələri ilə Gürcüstan arasında iqtisadi əlaqələrin perspektivlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Vişeqrad qrupu ölkələri – Macarıstan, Polşa, Slovakiya və Çex respublikaları ilə Gürcüstan arasında iqtisadi əlaqələrin perspektivləri, azad ticarət zonalarının yaradılması, Gürcüstandan keçən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyəti və s. məsələlər müzakirə olunub. Çıxışlarda Vişeqrad qrupu ölkələri ilə digər təşkilatlar arasında münasibətlərin genişləndirilməsi də diqqət mərkəzində olub.

    Tədbirin aparıcısı, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze “Report”un yerli bürosuna müsahibəsində deyib ki, Gürcüstan həm də GUAM-ın üzvüdür: "Vişeqrad qrupu GUAM-la əlaqələrə xüsusi önəm verir. Gürcüstanın Vişeqrad qrupu ilə əməkdaşlığı GUAM ölkələri üçün də körpü olacaq. İnanıram ki, yaxın gələcəkdə Vişeqrad qrupu ölkələri ilə GUAM ölkələri arasında əlaqələr siyasi, iqtisadi, mədəni, ticarət və digər sahələri əhatə edəcək. Bu, ölkələrimiz və xalqlarımız üçün vacibdir”.

    Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov isə bildirib ki, bu cür tədbirlərin təşkili təkcə Gürcüstan üçün deyil, bütün ölkələr üçün əhəmiyyətlidir: "Azərbaycan GUAM-ın əsas yaradıcılarından biridir və bu təşkilatın daha da genişlənməsində maraqlıdır. Azərbaycan Vişeqrad qrupu ölkələri ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlığımız siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrimizin genişlənməsində mühüm rol oynayır. İnanırıq ki, ikitərəfli əlaqələrimiz GUAM ilə Vişeqrad qrupu arasında da münasibətlərin genişlənməsinə və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək".

    Konfransda Gürcüstandan keçən regional enerji, infrastruktur və nəqliyyat layihələrinin əhəmiyyəti xüsusi qeyd olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun, neft və qaz kəmərlərinin Avropa ilə Asiya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, enerji təhlükəsizliyində mühüm rol oynadığı, xalqlarımızın rihaf halının yüksəlməsinə xidmət etdiyi xüsusi qeyd olunub.

    Konfransda Vişeqrad qrupu ölkələrinin nümayəndələri ilə yanaşı beynəlxalq iqtisadi və maliyyə qurumlarının təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi