Yuxarı

Salome Zurabişvili: “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların tərkibi yenilənməlidir”

Salome Zurabişvili Gürcüstan-Azərbaycan sərhədindən danışdı

Tbilisi. 5 mart. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların tərkibinin yenilənməsinə ehtiyac var.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan prezidentləri Bakıda görüş zamanı hər iki ölkəyə əhəmiyyətli fayda gətirmiş və regionun enerji sabitliyini təmin etmiş geniş miqyaslı layihələr barədə danışıblar: “Söhbət Gürcüstan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji layihələrindən gedir. Prezidentlər həmçinin gələcək perspektivlər barədə də müzakirə aparıblar. Dövlət başçıları bildiriblər ki, nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsində potensial mövcuddur, ondan istifadə etmək lazımdır və bu gün bölgədə sabitlikdir və ciddi investisiyalar həyata keçirmək olar”.

X.Moistsrapişvili Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi ilə bağlı deyib ki, dövlət başçıları hər iki tərəfdən olan komissiyaların tərkibinin yenilənməsi və fəaliyyətinin aktivləşdirilməsinə ehtiyacın olduğunu vurğulayıblar: “Bu, ümümi sərhədin tam olaraq müəyyən olunması üçün lazımdır. Gürcüstan Prezidenti hesab edir ki, bu, iki ölkə arasında mövcud dostluq münasibətlərinə görə mümkündür”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi