Yuxarı

“Qoşulmama Hərəkatının Sammiti dünyada “koronavirus dövrünün” ən mühüm hadisəsi oldu” - RƏY

Qoşulmama Hərəkatının Sammiti dünyada koronavirus dövrünün” ən mühüm

İlham Əliyev

“Koronavirus pandemiyası bütün dövlətlər və onların liderləri üçün ciddi sınaq oldu və bu sınaqdan uğurla çıxanların başında Azərbaycan və onun Prezidenti İlham Əliyev gəlir”

Bu fikirləri “Report”a Azərbaycan Naminə Alyansın sədri Abutalıb Səmədov bildirib.

O qeyd edib ki, vaxtında və qətiyyətlə atılan addımlar sayəsində həm əhalinin sağlamlığını qorumaq, itkiləri maksimum azaltmaq mümkün oldu, həm də karantin şəraitində evdə qalmaq məcburiyyətində qalan insanlara maddi dəstək verildi:

“Eyni zamanda dayanan sahibkarlıq subyektlərinə də dövlət büdcəsindən vəsait ayırmaqla onların ayaqda qalması təmin olundu. Neftin qiymətinin dəfələrlə ucuzlaşdığı şəraitdə bu addımların atılması dövlətimizin iqtisadi gücünü bir daha nümayiş etdirdi. Eyni zamanda yeni iqtisadi reallıqları nəzərə alaraq dövlət büdcəsinə yenidən baxılması, büdcə xərclərinin azaldılması zərurəti yarandığını qeyd edən Prezident İlham Əliyev sosial proqramların icrasını davam etdirmək barədə müvafiq qurumlara qəti tapşırıq verdi. Bir çox ölkələrdə iqtisadi sıxıntılar yaşanarkən, sosialyönümlü xərclərin azaldılması müşahidə olunarkən dövlət başçımızın tam fərqli mövqe tutması Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirildi və təqdir olundu. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırdı”.

Abutalıb Səmədov

Partiya sədri əlavə edir ki, dünya ölkələrinin daha çox özünəqapanma yolu seçərək COVID-19 virusuna qarşı mübarizə etdiyi və beynəlxalq təşkilatların fəallığının aşağı düşdüyü məqamda Azərbaycan prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Sammitinin keçirilməsi dünyada “koronavirus dövrünün” ən mühüm hadisəsi oldu:

“Xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələrin ağır problemlərlə üz-üzə olduqları bir zamanda Təmas Qrupuna daxil olan dövlət rəhbərlərinin Prezidentimizin təşəbbüsünə yekdilliklə dəstək verməsi Azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunu bir daha nümayiş etdirdi. Təəssüflə qeyd etmək lazımdır ki, qlobal əməkdaşlığın vacib olduğu dövrdə dövlətlər, beynəlxalq və regional təşkilatlar çaşqınlıq nümayiş etdirdilər. Qlobal liderliyə ehtiyac duyulduğu şəraitdə prezidentimiz belə bir nümunə göstərdi və beynəlxal ictimaiyyəti “özünəqapanma sindromundan” xilas olmağa çağırdı. Koronavirus pandemiyasında Ümumdünya Səhiyyə Təşkilatını günahkar elan edərək onun maliyyələşməsində iştirak etməyəcəklərini bəyan edən dövlətlərdən fərqli olaraq Azərbaycan qlobal mübarizəyə dəstək olaraq ÜST-yə bir daha könüllü olaraq maliyyə yardımı ayırmaq barədə qərar verdi”.

A.Səmədov deyib ki, Qoşulmama Hərəkatının Sammitinin qəbul olunmuş bəyannaməsində “dəyərli və vaxtında edilmiş təşəbbüsə görə” Prezidentimizə təşəkkür edilməsi hər birimizi qürurlandırmaqla yanaşı, dövlət başçımızın nümayiş etdirdiyi siyasi müdrikliyə və təşkilatçılıq qabiliyyətinə verilən obyektiv qiymət oldu.

Azərbaycan Yurddaş Partiyası sədri Mais Səfərli də “Report”a bildirib ki, Azərbaycan koronavirus pandemiyası əleyhinə çox ciddi və səmərəli tədbirlər həyata keçirən və bu istiqamətdə müsbət nəticələr əldə edən dövlətlər sırasındadır:

“Əbəs yerə deyildi ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi (ÜST) bu istiqamətdə əldə etdiyimiz nailiyyətlərə görə dəfələrlə ölkəmizin Prezidentinə təşəkkürünü bildirib.

Çünki Azərbaycan Prezidenti təkcə ölkə vətəndaşlarının qayğısına qalmır. Ölkəmiz hər zaman dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin və sağlam münasibətlərin tərəfdartı olub və belə bir çətin anda da bu siyasətini yeritməkdədir. Bu gün Azərbaycan dövləti bəşəri təhlükə olan koronavirus pandemiyasının məhv edilməsi siyasətinin tərəfdarıdır və bu istiqamərtdə konkret addımlar atır.

Hələ aprel ayının 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə türk dövlətlərinin videokonfrans formatında keçirilən zirvə görüşündə ölkəmizin rəhbərliyi bütün dünyaya mesaj verdi ki, qlobal pandemiya ilə ciddi mübarizə bütün bəşəriyyətin səylərinin birləşdirilməsindən keçir. Yəni qlobal əməkdaşlığa çox ciddi ehtiyac duyulur. O sammitə qədər dünyada heç bir təşkilat koronavirus bəlasının yaratdığı bu fəlakətli vəziyyəti müzakirə etməmişdi. Bu məsələ ilk dəfə olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə müzakirə edildi və bütün dünyada əks-səda yaratdı. Bu sammitdən sonra nəinki türk dövlətləri arasında, eləcə də digər dövlətlərlə əməkdaşlıq gücləndi, ehtiyacı olan dövlətlərə əl tutmaq, vahid bir siyasətin formalaşdırılması istiqamətində addımlar atılmağa başladı”.

Mais Səfərli

Partiya sədri qeyd edir ki, digər məsələlərdə olduğu kimi dövlət başçımız bu məsələdə də ardıcıl siyasət həyata keçirdi.

“BMT-dən sonra ən çox dövlətlərin üzv olduğu təşkilat olan Qoşulmama Hərəkatına da rəhbərliyi hazırda Azərbaycan həyata keçirir. Bir neçə gün əvəvl Azərbaycanın təşkilatçılığı ilə Qoşulmama Hərəkatının videokonfrans formatında möhtəşəm tədbiri də keçirildi. Bu, çox vacib və tarixi məsələ idi. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfransla keçirilən tədbirdə 40-dan çox ölkənin dövlət və hökumət başçıları qatılıblar.

Bundan savayı, BMT-nin Baş Katibi, Avropa İttifaqının ali nümayəndələri də bu tədbirə müraciət ünvanladılar, məzmunlu çıxışlar göndərdilər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün planetimiz üçün, bəşəriyyətin gələcəyi üçün əhəmiyyət kəsb edən mesajlar verildi. Prezidentimiz bildirdi ki, dünyada fəlakət yaradan bu pandemiyanı yalnız birgə səylərlə, dəstəklə aparılan mübarizə ilə məhv edə bilərik.

Bu gün hələ də dünya mediasında bu tədbirin tarixi əhəmiyyətindən danışılır və tədbirdən sonra Azərbaycanın nüfuzu daha da artıb. İlham Əliyev hazırda dünyada ən hörmətli dövlət başçıları sırasında olan liderdir və bütün dünyanın gözü Azərbaycana dikilib. Çünki Azərbaycan bu bəladan çıxmaq üçün çox sayda kasıb ölkələrə yardım edib. Elə ilk olaraq Azərbaycan 5 milyon dollar vəsait ayırdı və digər dövlətləri də çağırdı ki, bu işdə imkan daxilində fəal olsunlar və dünyanın bu pandemiyadan çıxmasında əlbir fəaliyyət göstərsinlər.

Bir sözlə, Azərbaycan dövləti bu qlobal dünyda yerini bir daha təsdiqlədi və bundan sonra da dünyamızın gələcəyi ilə bağlı addımlar atacaq, qüdrətli dövlət kimi sözünü deyəcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi