Bakı. 25 oktyabr. REPORT.AZ/ "Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə mühüm töhfələr verir".
“Report” xəbər verir ki, bunu Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin 25 illiyinə həsr olunmuş tədbirində çıxışı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
“Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib. Biz təkcə strateji tərəfdaş yox, həm də dost və qardaş ölkələrik. Heydər Əliyevlə Nursultan Nazarbayev iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin möhkəm bünövrəsini qoyublar və bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb.
Qazaxıstanla Azərbaycanın enerji, tranzit, logistika, həmçinin sənaye, kənd təsərrüfatı sahələrində, habelə Xəzərlə bağlı yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran səfir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xalqa son müraciəti zamanı logistikanın həm ölkə daxilində inkişaf etdirilməsinin, həm də bu məsələdə Azərbaycanla əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə diqqət çəkdiyini xatırladıb.
Tədbirdə həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəis müavini Ayxan Süleymanlı nazir Elmar Məmmədyarovun müraciətini səsləndirib. Müraciətdə iki ölkə arasında əsrlərlə dostluq və qarşılıqlı yardım münasibətlərinin olduğu vurğulanır: “Müştərək dəyərlərimiz sayəsində çoxşaxəli əməkdaşlıq əlaqələri qura bilmişik. Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti də münasibətlərimizin inkişafına böyük töhfələr verir”.