Qanlı Yanvar şəhidlərinin xatirəsi Batumidə də ehtiramla anılıb - FOTO

Qanlı Yanvar şəhidlərinin xatirəsi Batumidə də ehtiramla anılıb - FOTO Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən anım tədbiri keçirilib
Xarici siyasət
20 Yanvar , 2017 20:30
Qanlı Yanvar şəhidlərinin xatirəsi Batumidə də ehtiramla anılıb - FOTO

Tbilisi. 20 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Baş Konsulluqdan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra baş konsulu Rəşad İsmayılov çıxış edərək XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarından danışıb, 20 Yanvar faciəsinin səbəbi və nəticələri haqqında ətraflı məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.

Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxdığını bildirib.

Tədbirdə, Baş konsulluiğun əməkdaşları, Acariya Muxtar Respublikasının tanınmış ictimai siyasi xadimlərı, elm və incəsənət adamları, Batumi Dövlət Universitetinin müəllimləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Anım mərasimində 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınlar, vəhşiliklər nəticəsində milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini əks etdirən sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi