Yuxarı

Oqtay Əsədov: “Bəzi siyasətçilərin Milli Məclis və Avropa Parlamenti arasında əldə edilən nailiyyətlərə kölgə salmaq cəhdlərinə qarşıyıq”

Oqtay Əsədov: “Bəzi siyasətçilərin Milli Məclis və Avropa Parlamenti arasında əldə edilən nailiyyətlərə kölgə salmaq cəhdlərinə qarşıyıq”

Milli Məclisin sədri Oqtay Əsədov

Bakı. 27 aprel. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Parlamentinin üzvü, Azərbaycan üzrə məruzəçi xanım Norika Nikolaini qəbul edib.

Parlamentin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə spiker deyib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. O qeyd edib ki, bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Avropa İttifaqı ilə münasibətlərdə son dövrlərdə müsbət dinamika müşahidə olunmaqdadır”.

Sədr xanım Norika Nikolai ilə ikinci dəfə görüşdüyünü xatırlayaraq onun Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin inkişafı istiqamətində səylərini və bu qurumda mövcud olan Azərbaycanın Dostları Qrupunun üzvü kimi fəaliyyətini yüksək dəyərləndirib. O.Əsədov bildirib ki, Azərbaycan üzrə məruzənin hazırlanması artıq yekun mərhələsindədir: “Cari ilin mayında qurumun Xarici əlaqələr komitəsində sənəd müzakirəyə çıxarılacaqdır. Ümid edirik ki, sənəddə bölgə reallıqları öz obyektiv əksini tapacaq. Bununla yanaşı, bəzi siyasətçilər tərəfindən Milli Məclis və Avropa Parlamenti arasında son dövrlər əldə edilən nailiyyətlərə kölgə salmaq cəhdlərinə qarşıyıq. Belə hesab edirik ki, Avropa Parlamentində kifayət qədər rasional düşünən insanlar var. Məhz bunun nəticəsidir ki, son bir ildə parlamentlər arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Spiker vurğulayıb ki, 1999-cu ildən qüvvədə olan Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi bugünkü dinamikaya uyğun deyil: “Buna görə də yeni sənədin hazırlanmasına ehtiyac var. 2017-ci ilin noyabrında Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Sammitində iştirakı ölkəmiz tərəfindən bu quruma göstərilən diqqətin bariz nümunəsidir. Biz gələcəkdə də Avropa Parlamenti ilə münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik”.

Avropa Parlamentinin üzvü, Azərbaycan üzrə məruzəçi xanım Norika Nikolai bildirib ki, onun təmsil etdiyi qurum Milli Məclislə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. O qeyd edib ki, Milli Məclisin fəaliyyətində əsaslandığı dəyərlər alqışa layiqdir.

Qonaq son dövrdə münasibətlərin inkişafında əldə edilmiş uğurları, Azərbaycan nümayəndə heyətinin Avronest PA-da fəaliyyətini bərpa etməsini yüksək qiymətləndirdi. O, ölkəmizə səfərini və burada keçirdiyi görüşləri çox əhəmiyyətli hesab edib.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi