Yuxarı

Ombudsman UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ombudsman UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı. 27 fevral. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, E.Süleymanova ötən illər ərzində UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, uşaq hüquqları, o cümlədən qaçqın və məcburi köçkün uşaqların hüquqları üzrə mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edərək qonağa öz təşəkkürünü bildirib.

Müvəkkil Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlər, davamlılığı təmin edilməklə uşaq hüquqlarının tədrisi və monitorinqi sahəsində formalaşdırılmış təcrübə, hazırlanmış maarifləndirici nəşrlər, əlilliyi olan uşaqların hüquqları, habelə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası üzrə müstəqil monitorinq mexanizmi olaraq fəaliyyəti, bu sahədə təşəbbüsləri və gələcək əməkdaşlıq imkanlarından danışıb.

E.Karvardin Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət uşaq müəssisələrində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib, zəngin təcrübəyə malik bu təsisatla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Görüşdə uşaq hüquqlarının effektiv müdafiəsi, fərdi müraciətlər üzrə yanaşmalar, uşaqlara ünvanlanan sosial-reabilitasiya xidmətlərinin inkişaf etdirilməsi, bu sahədə kadr hazırlığı məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

Qeyd olunub ki, Ombudsman təsisatı ilə UNİCEF arasında ötən il imzalanmış birgə fəaliyyət planı çərçivəsində Uşaq Hüquqları Konvensiyasının müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla, regionlarda uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılması sahəsində, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirmə işi davam etdirilib, tədris vəsaitləri çap olunaraq yayılmış, dövlət uşaq müəssisələrində birgə monitorinqlər keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi