Yuxarı

Novruz Məmmədov: “Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir”

Azərbaycanın Baş naziri Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Baş nazir Novruz Məmmədov Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva ilə görüşüb.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

N.Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirərək bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandığını xatırladan Novruz Məmmədov deyib ki, bu gün Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir: “Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir”.

Azərbaycan-Bolqarıstan iqtisadi-ticari əməkdaşlığından danışan Baş nazir cari ilin 8 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. N.Məmmədov bu ilin noyabrında Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Sofiyada keçiriləcək növbəti iclasında bir sıra mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva Novruz Məmmədovu Baş nazir vəzifəsinə təyin olunması və Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbrik edib, dəvətə görə minnətdarlığını bildirib.

T.Karayançeva deyib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında ölkə parlamentlərinin qarşılıqlı fəaliyyəti mühüm rola malikdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd edən T.Karayançeva Bolqarıstanın da bu layihəyə böyük maraq göstərdiyini vurğulayıb.

Görüş zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə kənd təsərrüfatı, yeyinti sənayesi, sərmayə qoyuluşu, birgə infrastruktur layihələrinin icrası, turizm və humanitar sahələrdə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi