Lüksemburq parlamentinin sabiq deputatı: "Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir" - MÜSAHİBƏ

Lüksemburq parlamentinin sabiq deputatı: "Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir" - MÜSAHİBƏ Jak İv Henkes: "Sahil Qasımov Avropa siyasi elitası ilə birbaşa əlaqələrin təşəbbüskarı olub"
Xarici siyasət
16 May , 2018 11:00
Lüksemburq parlamentinin sabiq deputatı: Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir - MÜSAHİBƏ

Bakı. 16 may. REPORT.AZ/ Lüksemburq Deputatlar Palatasının sabiq üzvü, hüquqşünas Jak İv Henkesin "Report"a müsahibəsi:

- Azərbaycan ilə Avropa İttifaqı (Aİ), o cümlədən Lüksemburq arasında bütün istiqamətlər üzrə olan qarşılıqlı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa İttifaqının, eləcə də Lüksemburqun əsas tərəfdaşıdır. Ticarətimizin, təqribən, 50%-i Aİ ölkələrinin payına düşür. Müstəqillik dövründə Aİ Azərbaycan iqtisadiyyatına 20 milyarddan çox sərmayə qoyub. Bu, yaxşı investisiya mühitinin olduğunu göstərir.

Avropa şirkətləri iqtisadiyyatı dəstəkləmək üçün böyük məbləğdə vəsait qoymağa hazırdır. Eyni zamanda, üzv ölkələrlə ikitərəfli əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Aİ üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul edib. Bu, o deməkdir ki, Aİ dövlətlərinin üçdə biri Azərbaycanı strateji tərəfdaş kimi görür.

Azərbaycan hökumətinin Aİ-nin Avropa Qonşuluq Siyasətində əks olunan baxışlarına qətiyyətlə və müsbət yanaşdığına görə sevinirəm.

Azərbaycan ticarət əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün ilkin şərt olan və yekunda Dərin və Hərtərəfli Azad Ticarət Zonasının yaradılmasına şərait yaradacaq ÜTT-yə daxil olmaq üzrə fəaliyyətini gücləndirməlidir.

Hazırda Azərbaycan iqtisadi inkişafa aparan və beləliklə, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasının təməlini qoyan yolla gedir. Atası, ümummilli lider Heydər Əliyev tərəfindən başlanan işi davam etdirən Azərbaycanın Prezidenti İlham Əliyevin sayəsində iqtisadi göstəricilər ildən-ilə yaxşılaşır.

- Son günlərdə Avropada bəzi dairələr, eləcə də bəzi Avropa təşkilatları Azərbaycana qarşı qərəzli bəyanatlar verirlər. Necə fikirləşirsiniz, belə bəyanatların mənbəyi kimdir? Ümumiyyətlə, siyasət sahəsində əlaqələrin inkişafı üçün təklifləriniz nədir? Avropada yaşayan azərbaycanlıların rolu nədən ibarətdir?

- Bütün demokratik ölkələrdə, o cümlədən Azərbaycanda müxalifət partiyaları hökuməti tənqid edir. Azərbaycan kimi, bəzi ölkələr də müxtəlif siyasi fikirlərə malikdir, ona görə də müzakirələr çox vaxt çətin alınır.

Ermənistan və müttəfiqləri, başqa sözlə, bir neçə ölkə və qurum Azərbaycanı tənqid edir. Lakin onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdən qaçırlar. Bir milyon insan təcavüzkarların torpaq işğalından əziyyət çəkir. Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir.

Amma mövcud vəziyyətin uzadılması sülh prosesinə ciddi şəkildə zərər verəcək "baş vermiş fakt"a gətirib çıxara bilər. Buna görə də diplomatik səylərin məhsuldar olacağına və Birləşmiş Millətlər Təşkilatının münaqişənin həllinə vasitəçi rolunda kömək edə biləcəyinə ümid edirəm.

Əminəm ki, Lüksemburq hökuməti də sülh sazişinə nail olunması üçün bütün lazımi dəstək vermək istəyər.

Siyasi əlaqələri müsbət inkişaf etdirmək üçün Lüksemburq, eləcə də digər Avropa ölkələrinin parlamentləri ilə Azərbaycan arasında parlamentin nümayəndə heyətlərinin səfərlərini təşkil etmək lazımdır. Bu, əlaqələrin yaxşılaşdırılması və daha yaxşı anlaşma əldə edilməsi üçün vacibdir.

Avropa Azərbaycanlıları Konqresi (AAK) və onun prezidenti Sahil Qasımov Avropa siyasi elitası ilə birbaşa əlaqələrin təşəbbüskarı olub.

Cənab Qasımov və mən 2017-ci ilin yanvar ayında Lüksemburq Deputatlar Palatası ilə yüksək səviyyəli görüş və Azərbaycan-Lüksemburq dostluq qrupunun rəhbəri Elmira Axundova ilə Lüksemburq Deputatlar Palatasının başçısı Mars Du Bartolomeo arasında tarixi görüş təşkil etmişik. Bu, son 25 ildə Azərbaycan və Lüksemburq parlamentarilərinin ilk görüşü idi. AAK tərəfindən 2017-ci ilin oktyabr ayında təşkil edilən səfər çərçivəsində nümayəndə heyəti ilə birlikdə Bakıya gəlmişəm.

Bu görüşlər zamanı Azərbaycanın tənqidçilərinin fikirləri müzakirə olunub və aydınlıq gətirilib. Bu baxımdan cənab Qasımovla Lüksemburq parlamentinin vitse-prezidenti Loran Mosar arasında keçirilən görüş çox faydalı olub.

AAK 2017-ci ilin noyabr ayında separatçılığa qarşı Beynəlxalq Brüssel Konfransı keçirdi. Konfrans zamanı biz cənab Qasımovla birlikdə separatizmə qarşı açıq-aydın açıqlamalar verdik.

AAK prezidenti və Lüksemburqun siyasi nümayəndələri arasındakı bu dialoq siyasi anlaşmanı və iqtisadi əməkdaşlığı gücləndirmək üçün davam etdirilməlidir.

- Avropada yaşayan azərbaycanlıların fəaliyyəti barədə nə deyə bilərsiniz? Azərbaycanlıların Avropa ölkələrinin inzibati və siyasi, eləcə də seçki orqanlarına inteqrasiyasını necə görürsünüz? Azərbaycanlılar Avropa cəmiyyətinə necə assimilyasiya olunurlar?

- Avropada yaşayan azərbaycanlılar biznes baxımından çox fəaldırlar. Lüksemburqda, məsələn, Lüksemburq-Azərbaycan Ticarət-Sənaye Palatası münasibətləri və biznes fəaliyyətini yaxşılaşdırmaq üçün mühüm məlumatlar verir.

Siyasi inteqrasiya isə ikili vətəndaşlıq əldə etmək və bununla da səsvermə hüququ əldə etdikdən sonra həyata keçirilə bilər.

Lüksemburqun Qəbul və İnteqrasiya Agentliyi əcnəbilərin Lüksemburqda inteqrasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olan inzibati hökumət orqanıdır. Xaricilər Assosiasiyası ilə Əlaqələr üzrə Komitə bütün sakinlərə bərabər hüquqların təmin edilməsi üçün çalışan bu assosiasiyalar üçün platformadır. Onlar mədəniyyətlərarası tədbirlər, informasiyaların yayılması üzrə tədbirlər, sosial və mədəni layihələr təşkil edirlər. "Bazar" beynəlxalq tədbiri Azərbaycanda istehsal olunmuş məhsullarının reklam edilməsinə və 100% həcmində satışına imkanı yaradır.

Bütün bunlar Lüksemburqda yaşayan azərbaycanlılarla ölkənin digər sakinləri arasında insani və iqtisadi əlaqələrin yaxşılaşdırılması üçün vacibdir. Lüksemburqda Azərbaycandan gələn miqrantların sayı artmaqdadır və bu o deməkdir ki, onlar Lüksemburqda yaxşı assimilyasiya olunurlar.

Digər tərəfdən, bu il Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyi qeyd ediləcək və 2018-ci il Prezident İlham Əliyevin fərmanı ilə Demokratik Respublika İli elan olunub. AAK Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə bu əlamətdar günün müxtəlif Avropa ölkələrində geniş miqyasda qeyd olunacağı fəaliyyət planı hazırlayıb icra edir.

Son xəbərlər

Orphus sistemi