"Azərbaycanla Avropa İttifaqı arasında keçiriləcək təhlükəsizlik üzrə ilk dialoqda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq"
Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayevanın "Report"a müsahibəsi:
- Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar necə gedir? Müzakirələrin növbəti mərhələsi nə vaxt keçiriləcək?
- Azərbaycan xarici dövlətlərlə ikitərəfli əsasda münasibətlərin inkişafı ilə bərabər, eyni zamanda çoxtərəfli çərçivədə əməkdaşlığa da xüsusi önəm verir. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi çərçivəsini müəyyən edəcək yeni və strateji səviyyəli sazişin imzalanması üçün danışıqlar gedir. Danışıqlar uğurla aparılır. Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu və birgə maraqlara əsaslanan saziş imzalamağa hazırdır. Saziş üzrə danışıqların yeni mərhələsi rotasiya prinsipi ilə yaxın zamanlarda Bakıda baş tutacaq. Biz bu sazişin strateji xarakter daşıyacağına inanırıq.
Avrova İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa gəldikdə isə Azərbaycan bu mexanizmdən faydalanır. Yeri gəlmişkən, hər bir ölkənin özünəməxsus inkişaf yolu var və Avropa İttifaqı ilə münasibətləri kontekstində öz əməkdaşlıq gündəlikləri mövcuddur. Bundan başqa, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin, həmçinin Dağlaq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verməsi bizim üçün vacibdir.
- Bu ayın sonunda Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında ilk təhlükəsizlik dialoqu keçiriləcək. Rəsmi Bakının bu dialoqdan gözləntilər nədir?
- Azərbaycanla Avropa İttifaqı arasında hazırki danışıqların məqsədi strateji əməkdaşlığımızı enerji sahəsindən daha da kənara çıxararaq, digər sahələri də əhatə edən hərtərəfli yeni bir sazişin imzalanmasıdır. İki tərəf arasında ayın sonunda keçiriləcək təhlükəsizlik üzrə dialoq böyük əhəmiyyət kəsb edir.
Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşdırlar. Rəsmi Bakı ilə Brüssel arasında bu sahədə saziş imzalanıb. Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu ikitərərfli münasibətlərin inkişafı axarında təbii olaraq meydana çıxan bir prosessdir. Bu dialoq hər iki tərəfi narahat edən və maraq kəsb edən məsələlər ətarfında qurulacaq. Əgər biz Azərbaycanın təhlükəsizliyindən danışırıqsa, bu gün Azərbaycan üçün birnömrəli problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır. Yəni Azərbaycana qarşı qonşu Ermənistan tərəfindən güc tətbiq edilməsidir. Əlbəttə ki, Avropa İttifaqı ilə təhlükəsizlik üzrə hər hansı bir dialoq olarsa, bu münaqişə müzakirə olunacaq.
- ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın sonlarında bölgəyə səfər edəcəklər. Bu səfərdən müsbət gözləntilər varmı?
- Hələ Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Nyu-York görüşündən sonra həmsədrlər özləri bildirmişdilər ki, onlar yaxın zamanlarda bölgəyə səfər edəcəklər. Eyni zamanda qeyd etmişdilər ki, bu səfərdən sonra tərəflər arasında növbəti görüşün təşkili istiqamətində səylər göstəriləcək.
Biz çox ümüd edirik ki, həmsədrlər yaxın zamanda bölgəyə səfər edəcək, ölkə rəhbərliyi ilə görüşlər keçiriləcək və münaqişənin həlli prosessindəki son vəziyyət ətraflı müzakirə olunacaq. Azərbaycan ümüd edir ki, Ermənistanın yeni rəhbərliyi hədəfə yönəlmiş, substantiv danışıqlara hazır olduğunu nümayiş etdirəcək.
Foto: Firi Salim