Küveytin baş naziri: "Azərbaycanla əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazırıq"

Küveytin baş naziri: "Azərbaycanla əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazırıq" Bakı. 29 mart. REPORT.AZ/ Martın 29-da Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin Baş naziri Şeyx Cabir Mübarək Əl-Haməd Əl-Sabah ilə görüşüb.
Xarici siyasət
29 Mart , 2018 20:25
Küveytin baş naziri: Azərbaycanla əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazırıq

Bakı. 29 mart. REPORT.AZ/ Martın 29-da Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin Baş naziri Şeyx Cabir Mübarək Əl-Haməd Əl-Sabah ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan rəhbərliyinin Küveyt ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edən E.Qəhrəman ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını deyib. 

Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveyt ilə münasibətlərinə toxunan səfir mövcud əlaqələrin yaranmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğulayıb. Səfir ümummilli liderin təməlini qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafından və beynəlxalq aləmə inteqrasiyasından, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızdan söhbət açan səfir, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveyt Dövlətinin ölkəmizə göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün sürətlə inkişaf edən ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilir.

Səfir həmçinin Azərbaycanın elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətlər barədə də Baş nazirə ətraflı məlumat verib. O, Azərbaycan tərəfindən Bakının “Ekspo-2025”-ə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubun Beynəlxalq Sərgilər Bürosuna təqdim edildiyini deyib.

Baş nazir Şeyx Cabir Əl-Sabah Küveyt rəhbərliyi və xalqının Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq Prezident İlham Əliyevin və Küveyt Əmiri Şeyx Sabah Əl-Əhmədin qarşılıqlı səmimi münasibətlərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib. O, Azərbaycana, ölkə rəhbərliyinə və xalqımıza bəslədiyi səmimi ehtiram hisslərini ifadə edib. Küveytin Baş naziri vurğulayıb ki, Azərbaycan ilə əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi