İtaliya səfiri: "Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması həll yolu deyil" - MÜSAHİBƏ

İtaliya səfiri: "Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması həll yolu deyil" - MÜSAHİBƏ "İnanıram ki, Azərbaycan neftin ucuzlaşması ilə bağlı yaranan vəziyyətdən layiqincə çıxa biləcək"
Xarici siyasət
13 Mart , 2015 19:44
İtaliya səfiri: Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması həll yolu deyil - MÜSAHİBƏ

Bakı. 13 mart. REPORT. AZ/ İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyonun "Report" informasiya agentliyinə müsahibəsi.

- Cənab səfir, Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- İtaliya və Azərbaycanın çox gözəl münasibətləri var. Mən buraya gəldiyim dövrdən hər iki tərəfdən yüksək səviyyəli səfərlər həyata keçirilib. İtaliyanın baş naziri Bakıda olub, Azərbaycan Prezidenti ötən il Romaya səfər edib. Demək istəyirəm ki, ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənib, biz bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə nail ola bilmişik. Əlbəttə, bizim əməkdaşlığımızın mühüm bir hissəsi energetika sahəsi ilə bağlıdır, lakin münasibətlərimiz bununla bitmir. Siyasi əlaqələr və mədəniyyət sahəsi də daxil olmaqla, digər istiqamətlərdə də əməkdaşlığımız inkişaf edir. Biz bir-birimizə daha da yaxınlaşırıq.

Son illər iqtisadiyyat üzrə əsas məqsədimiz Xəzər dənizi və Avropanı İtaliyanın cənub sahilləri ilə birləşdirəcək Cənub Qaz Dəhlizinin tikintisidir. Biz Azərbaycan hökuməti ilə son illər bu layihə üzərində işləmişik, buna görə də layihəni inkişaf etdirmək üçün qarşılıqlı öhdəliklərimiz var. Əlbəttə ki, bu məsələdə başqa ölkələr də iştirak edirlər.

Bundan başqa, mən qeyd etmək istəyirəm ki, bizim məqsədimiz İtaliya şirkətlərini Azərbaycana cəlb etməkdir. Sözsüz ki, Azərbaycan qeyri-neft sektorunu gücləndirmək üçün öz iqtisadiyyatını diversifikasiya etməlidir. Bu baxımdan İtaliya Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini vermək üçün ölkənizdə öz şirkətləri, innovasiya və texnologiyaları ilə yaxşı təmsil olunub. Bu, Azərbaycan və İtaliya üçün qarşılıqlı şəkildə faydalıdır. 

Hazırda İtaliyanın təxminən 40-50 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu rəqəm dəyişə və arta bilər. Qarşıdakı illərdə biz burada italyan şirkətlərin sayının artmasını gözləyirik. 

- İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşlarındandır. Ölkələrimiz arasında ticarət dövriyyəsi nə səviyyədədir? Maliyyə böhranı və neftin qiymətinin ucuzlaşmasını nəzərə alaraq onu hansı sahələrdə artırmaq lazımdır?

- Hamı bilir ki, İtaliya Azərbaycanın əsas alıcısıdır. Biz Azərbaycan neftinin ən böyük idxalçısıyıq, bu da Azərbaycanı bizim əsas tədarükçümüzə çevirir. Gələcəkdə biz neft sahəsində əməkdaşlığımızı davam etdirəcəyik, lakin qazın rolu da artacaq. 2019-2020-ci illərdən başlayaraq, biz Azərbaycan qazının İtaliya vasitəsilə Avropaya nəql olunacağını gözləyirik. Bu bizim əməkdaşlığımızın ən başlıca hissəsi olacaq. 

Neft bazarında qiymətlər dəyişə bilər, həm artım, həm də eniş ola bilər, bu təbiidir və biznes fəaliyyətinin bir hissəsidir. Bunu əvvəlcədən müəyyən etmək olmaz. İnanıram ki, Azərbaycan neftin qiymətininin ucuzlaşması ilə bağlı yaranan vəziyyətdən layiqincə çıxa biləcək və öz iqtisadiyyatının diversifikasiyası üçün imkan yaradacaq. Düşünürəm ki, bunun üçün siyasi iradə mövcuddur. 

- Azərbaycan qazının Avropaya tədarük perspektivlərini və onun Avropa bazarında rəqabət qabiliyyətini necə dəyərləndirirsiniz? 

- İlk dövrlərdə Cənub Qaz Dəhlizi layihəsi ildə təxminən 10 mlrd. kubmetr qaz nəql edəcək, onlardan 8 mlrd. kubmetr İtaliya üçün nəzərdə tutulub. Bu həcmin gələcəkdə artması mümkündür. 

Ola bilsin ki, həmin həcm 20-30 mlrd. kubmetrə qədər artırılsın. Bu Avropanın tələbatından, eləcə də əlavə mümkün tədarükçülərdən asılı olacaq, çünki artıq bir neçə ölkə TANAP və TAP layihələrində iştirak etmək arzusunu bildirib. 

İtaliya strateji olaraq Aralıq dənizi regionunun mərkəzində yerləşir, bu da bizə Mərkəzi Avropa və Azərbaycandan qaz almaq istəyini təsdiqləyən ölkələr üçün regional tranzit qovşağı kimi fəaliyyət göstərmək imkanını yaradır. 

- Mərkəzi Asiya (Türkmənistan) qazının Avropaya tədarük perspektivlərini necə qiymətləndirirsiniz?

- İtaliya və Aİ bu məsələyə müsbət yanaşır. Biz bu məsələnin lehinə çıxış edirik, lakin hər şey təkcə bizdən asılı deyil, həm də Türkmənistan və Azərbaycanın iştirak etdiyi danışıqların, siyasi proseslərin nəticələrindən asılıdır. Lakin biz hesab edirik ki, həmin boru kəmərinin tikintisi ilə bağlı razılıq əldə olunarsa, bu, müsbət addım olacaq.

- Azərbaycan və İtaliya arasında qeyri-neft sektorunun hansı sahələrinin inkişaf etdirilməsi planlaşdırılır?

- Maraqlı faktdır ki, İtaliya dünyada ixracatçı ölkələrin ilk beşliyinə daxildir, bu isə o deməkdir ki, ixracat və istehsal çərçivəsində beynəlxalq arenada böyük çəkiyə malik olan İtaliya şirkətlərini istənilən sahələrdə görmək olar. Ən məşhur sahələrdən olan moda, dizayn, ağac emalı və şərabçılığı qeyd etmək olar. Bu sahələr Azərbaycanda da inkişaf edib. 

Biz texnologiyaların inkişafına böyük diqqət ayırırıq, çünki İtaliya üçün maşınqayırma sənayesi və sənaye sektorunda işlənən avadanlıqların ixracı mühüm sahələrdəndir. Azərbaycana ixracatın həcmi gündən-günə artır və bu, qarşılıqlı səmərə verən bir prosesdir. Orta və uzunmüddətli perspektivdə biz gələcəkdə hər iki tərəfdən sərmayələrin artımını gözləyirik. 

- İtaliya humanitar sahədəki əməkdaşlıq səviyyəsindən razıdır? Tələbə mübadiləsi ilə bağlı hər hansı bir layihə mövcuddur?

- Hazırda İtaliya və Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq mövcuddur. Demək istəyirəm ki, italyan dilini ixtisas kimi seçən azərbaycanlı tələbələrin və İtaliyaya gedərək təhsil almaq istəyən tələbələrin sayı artıb. Bizdə ingilis dilində təhsil almağa imkan verən beynəlxalq kurslar fəaliyyət göstərir. Yəni İtaliyada tələbələr üçün imkanlar artır. Bu gün İtaliyada yüzə yaxın azərbaycanlı tələbə təhsil alır. 

- Azərbaycanda Şengen zonası ölkələrinə giriş vizası haqqında məlumat mübadiləsini aparmağa imkan verən yeni viza informasiya sistemi qüvvəyə minib. Verilən vizaların sayında artım var? Bununla bağlı statistik məlumatlarınız var?

- Buna müştərilərimiz qərar verməlidir, lakin mənim fikrimcə, bu sistem çox effektivdir. Verilən vizaların sayı ötən ildən bu yana 20% artıb. 2014-cü ildə biz 10 minə yaxın viza vermişik. Əminik ki, 2015-ci ildə onların sayı yenidən artacaq. Vizaların verilmə prosesi daha geniş kütlə üçün sadələşdirilib, daha sürətli və effektiv olub. Bu gün 2-3 iş günü ərzində siz viza alıb İtaliyaya gedə bilərsiniz. Bu, təkcə biznes aləmi üçün deyil, həm də turizm və mədəniyyət sahələri üçün də səmərəlidir. 

İtaliya dünyanın ən böyük turizm məkanlarından biridir. Biz bu il "Universal Expo" sərgisinə daha çox izləyicinin gələcəyini gözləyirik. Bu möhtəşəm tədbir Milanda mayın 1-dən oktyabrın sonlarınadək keçiriləcək. Tədbirdə 140 ölkəni təmsil edən 20 mln. qonağın iştirakını gözləyirik.

Azərbaycan da bu ölkələr sırasındadır. Azərbaycan ölkənin mədəniyyətinin bütün müxtəlifliyini nümayiş etdirən milli pavilyonunu təqdim edəcək. 

- Bu il Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bu tədbirdə iştirak etmək üçün İtaliyadan neçə idmançı gələcək?

- Bəli, bu il hər iki ölkə üçün vacib il olacaq. Biz Azərbaycandan gələn qonaqları səbirsizliklə gözləyirik, eyni zamanda, biz Bakıya Avropa Oyunlarında iştirak etmək üçün böyük bir qrup göndərməyi planlaşdırırıq. 

Bildiyimə görə, İtaliya komandası idmançıların sayına görə ilk üçlüyə daxildir, Avropa Oyunlarında 300 atletimiz iştirak edəcək. 

Mən hesab edirəm ki, Oyunlar Azərbaycan üçün öz nailiyyətləri, inkişafı, eləcə də ənənələri, mədəniyyəti və gözəl Bakını digər Avropa ölkələri və bütün dünyaya nümayiş etdirmək baxımından yaxşı imkan olacaq.

İtaliya və onun komandasının bu Oyunlara öz töhfəsini verəcəyinə ümid edirəm. Biz Oyunlar çərçivəsində bir neçə mədəni tədbir keçirməyi planlaşdırırıq və ümid edirəm ki, onlar Azərbaycan tamaşaçılarının zövqünü oxşayacaq. 

- İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Son 20 ildə qətiyyən irəliləyişin əldə olunmamasını nəzərə alaraq münaqişənin həll perspektivlərini necə görürsünüz?

- Təəssüf ki, son aylar danışıqlar prosesində əhəmiyyətli irəliləyiş olmayıb. Lakin tərəflər arasında dialoqun olması müsbət haldır. Münaqişənin hər iki tərəfinin iştirakı ilə yüksək səviyyədə bir neçə görüş keçirilib. İtaliya 3 həmsədrin fəaliyyətinin dəstəklənməsinin tərəfdarıdır. Bu, kompleks yanaşma tələb edən mürəkkəb məsələdir. Biz ümid edirik ki, Minsk qrupu və 3 həmsədrin fəallığı yaxın gələcəkdə konkret nəticələr verəcək. 

Eyni zamanda, deyə bilərəm ki, Azərbaycana gəldiyim andan münaqişənin həlli məsələsinin bütün ölkə üçün nə dərəcədə vacib və ağrılı bir məsələ olduğunu anladım. Mən həqiqətən hesab edirəm ki, Azərbaycan xalqı üçün münasib olan həllin tapılması üçün müəyyən addımlar atılmalıdır. 

Bu baxımdan status-kvonun saxlanılması həll yolu deyil, müəyyən addımlar atılmalıdır. Mən ümid edirəm ki, İtaliya və Aİ bu prosesdə müsbət rol oynayacaq. 

- Sizə elə gəlmir ki, İtaliya və Minsk qrupunun digər ölkələri bu məsələdə daha fəal olmalıdır?

- Daha fəal iştirak etmək üçün münaqişənin hər iki tərəfi -  Azərbaycan və Ermənistan bunu istəməlidir. 

Mənim bildiyim qədər, onlar bu formata razılıq veriblər və bunu dəyişdirmək çətin olacaq. Lakin danışıqların bu formatda davam etdirilməsi daha vacibdir. Bu məsələ üzərində 3 böyük ölkə çalışır və beynəlxalq ictimaiyyət onların səylərini dəstəkləməlidir. Son nəticədə qərar hər iki tərəfdən asılıdır. 

Bu baxımdan düşünürəm ki, Minsk qrupu münaqişənin həlli üzrə əsas vasitədir. 

Son xəbərlər

Orphus sistemi