Paris. 16 noyabr. REPORT.AZ/ “Yeni İpək Yolu layihəsi 2013-cü ildə Pekin tərəfindən rəsmiləşdirilsə belə, 2001-ci ildən başlayaraq artıq Çinin müxtəlif regionlarında tikintilərə sərmayələrin yatırılmasına başlanılıb. Bu layihə ətrafında artıq 15 ildir ki, iş gedirdi. Bizdə belə bir təəssürat yaranır ki, Çin bir müddət bu layihənin hansı əks- səda verəcəyini gözlədi. Çinlilər bu vasitədən öz xarici siyasətlərində, həmçinin öz infrastrukturlarının inkişafında tez-tez istifadə edirlər".
Bunu “Report"un Fransa bürosuna açıqlamasında Beynəxalq Əlaqələr və Strategiyalar İnstitutunun (IRIS) Tədqiqatlar və araşdırmalar şöbəsinin direktoru Bartelemi Kurmon bildirib.
O qeyd edib ki, başladığı vaxtdan indiyədək bu layihəyə yüksək miqdarda investisiyalar yatırılıb ki, bu 1200 və 2000 milyard dollara bərabər olmaqla xarici və Çinin yerli şirkətlərini özündə səfərbər edir : “Qərb dövlətləri bu layihəni “Çinin çəkdiyi xəritə" kimi dəyərləndirərək ehtiyatla davransalar da, zamanla Yeni İpək Yolunun global xatarkerli bir layihə olaraq özündə fikirləşdiyimizdən daha artıq marşrutları birləşdirdiyi aydın oldu. Bura cənubi Asiyadakı Laos və Tailand tranzitlərini misal göstərmək olar. Dənizyolu marşrutları da intensiv inkişaf tempi nümayiş etdirir. Afrika, latın və cənubi Amerikadakı təşəbbüsləri unutmamalıyıq ki, Nicaraqua kanalı gələcəkdə Panama kanalı ilə rəqabətə girəcəyi ehtimalı böyükdür. Dünyanın bütün regionlarını əhatə edən bu layihə qurucu və eyni zamanda dağıdıcı xarakterə malik olmaqla bütün planeti əhatə edir. Lakin hazırkı mərhələdə hansı ölkələri əhatə edəcəyini demək hələ ki, çox tezdir. Yeni İpək Yolu layihəsi ilə bağlı problemlərə gəldikdə isə, layihənin əhatə etdiyi tikintilərin gecikdirilməsi, ödənişlərin yubadılması ilə yanaşı, qoyulan sərmayələrin şərtləri, istifadə olunan iş metodları ilə razılaşmayan Çinin yerli əhalisi arasında baş qaldıran narazılıqlar da var. Hesab edirəm ki, Çin digər hegomon dövlətlərdən heç nə ilə fərqlənmir. Bütün dünyaya sərmayə qoymağa hazır olan Çin bunu təmənnasız şəkildə etmir və onun geniş istifadə etdiyi “yarıbayarı gəlir“ şüarı ilk öncə Çinin maraqlarına xidmət edir. Narazılıqların baş qaldırdığı bu vəziyyətdə Çin Yeni İpək Yolu təşəbbüsünü yenidən nəzərdən keçirməli, bu layihəyə “qarşılıqlı hörmət“, “şəffaflıq“ kimi dəyərlər daxil etməlidir. Adətən, çinlilər şəffaflıqdan əziyyət çəkməkdə ittiham olunurlar. Bu layihənin 2/1 Çinin xeyrinə olması fikri yer almaqda davam edir”.
Ekspert bildirib ki, Azərbaycan Şərqlə Qərbin ən son nöqtəsini birləşdirəcək Yeni İpək Yolunun ürəyində yerləşir: “Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyindən və Çinin bu regiona olan marağından bəhrələnməsi üçün böyük imkanların olduğu fikrindəyəm. Bir sıra ölkələr çox tezliklə Çinin sərmayələrinə münasibətdə asılı vəziyyətə düşdüklərini nümayiş etdirdilər. Bu ölkələrdən Qazaxıstanı misal göstərə bilərik ki, sərmayələrindən bəhərələnərək Çindən iqtisadi asılılıq nümayiş etdirdi ki, bunun siyasi nəticələri də olacağını istisna etmirəm. Bunun əksinə olaraq, Azərbaycanın son 15-20 ildə, xüsusilə son illər müxtəlif tərəfdaşlarla əməkdaşlığa can atdığını və bunda uğurlar qazandığını görürük. Azərbaycan nümayiş etdirir ki, Çin onun üçün yalnız tərəfdaşdır və Yeni İpək Yolu layihəsi sərmayə gətirən layihə yox, öz enerji ehtiyyatlarını dünya bazarına çıxarmağa imkan yaradacaq bir layihədir. Azərbaycanın bu mövqeyi digər ölkələr üçün nümunə olmalıdır. Xüsusilə mən Pekinə güzəştə getməyə hazır olan Mərkəzi Asiya ölkələrini nəzərdə tuturam. Bununla belə, Azərbaycanın bu layihədə yerini təhlil edərkən uğurlu coğrafi mövqeyi ilə yanaşı, qonşuları ilə geosiyasi vəziyyəti və digər alternativ marşrutların mümkünlüyü də nəzərə alınmalıdır. Çin ilə İran arasında çoxsaylı layihələrin olduğunu bilsək də, İranın bu layihələri konkretləşdirə biləcəyini, əsas yola sahib ölkə olub- olmayacağını hələlik demək mümkün deyil. Digər qonşu ölkə Rusiyadır ki, Çin ilə yaxşı münasibətdədir. Lakin bununla yanaşı, Risiya Çinlə geniş əməkdaşlıq etməkdə maraqlı olmadığını nümayiş etdirir. Qazaxıstan vasitəsilə Rusiyadan keçən marşrutun daşıyacağı yükün miqdarının nə dərəcədə çox olacağı sualını verməyimiz lazımdır. Daha bir və nəhayət, son məsələ Azərbaycanın bu Yeni İpək Yolu layihəsindən necə istifadə edəcəyidi. Əgər Yeni İpək Yoluna daxil olan marşrut yalnız Azərbaycanın ərazisindən keçməklə kifayətlənəcəksə, bu ölkəyə böyük heç nə vəd etməyəcək. Yox, əgər Azərbaycan bu layihədən istifadə edərək özünün enerji ehtiyyatlarını dünya bazarına çıxartmaqla faydalanacaqsa, bunun ölkənin iqtisadi inkişafında əhəmiyyətli rolu olacağı birmənalıdır”, - ekspert bildirib.