Yuxarı

Elmar Məmmədyarov fransız tələbələri Azərbaycanda təhsil almağa dəvət edib

Elmar Məmmədyarov fransız tələbələri Azərbaycanda təhsil almağa dəvət edib
Azərbaycanın xarici işlər naziri Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb
© Report — Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrindəki inkişafdan məmnunluq ifadə ediblər.

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən nazir E.Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırıb. Bu xüsusda, tələbələrin Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslar, gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiyini əlavə edib.

Nazirlər həmçinin qarşılıqlı olaraq, dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirilib.

Nazirlər Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Birgə Azərbaycan-Fransız Universitetinin təsisini və fəaliyyətini qeyd ediblər.

E.Məmmədyarov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın istiqamətlərdən birinin də Fransa Hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən təqaüd proqramlarının olduğunu vurğulayıb və təqaüdlərin sayının artırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb. Fredrik Vidal 2017-ci ildə Azərbaycana 50 tələbə yeri üçün təqaüdün verildiyini qeyd edib və ERASMUS Proqramı çərçivəsində tələbə mübadiləsinin uğurla davam etdirildiyini əlavə edib.

E.Məmmədyarovun fransız tələbələrin Azərbaycanda təhsil alması və tədqiqatlar aparması dəvətinə münasibətdə F.Vidal bu təklifin maraqlı ola biləcəyini və bu istiqamətdə Fransa tərəfinin əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə həmçinin Fransanın Strasburq Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq, Fransa arxivlərində Azərbaycan mühacir hökumətinin Fransada fəaliyyətini özündə əks etdirən sənədlərin mövcudluğunu, eyni zamanda Azərbaycan arxivlərində Fransaya aid diplomatik, mədəniyyət və digər sahələrə aid sənədlərin mühafizə edildiyini nəzərə alaraq, arxivlərin qarşılıqlı istifadəsinin genişləndirilməsi məsələsi müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi