Yuxarı

BMT və Azərbaycan tərəfdaşlıq çərçivəsi sənədinin illik nəticələrini nəzərdən keçirib

BMT və Azərbaycan tərəfdaşlıq çərçivəsi sənədinin illik nəticələrini nəzərdən keçirib
© Report

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan hökuməti, BMT-nin agentlikləri, vətəndaş cəmiyyəti təşkilatları və media qurumlarını təmsil edən 50-ə yaxın yüksək vəzifəli şəxsin iştirakı ilə BMT-Azərbaycan Birgə İstiqamətləndirici Komitəsinin illik iclası baş tutub. 

BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, iclasda BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) Sənədinin 2017-ci ildə icrası nəticəsində əldə olunan nəticələr nəzərdən keçirilib.

İclasa Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai həmsədrlik edib.

İstiqamətləndirici Komitənin iclasında iqtisadi artım və layiqli əmək, institutsional potensial, dövlət xidmətləri və sosial xidmətlər, eləcə də ətraf mühitin mühafizəsi və təbii fəlakət risklərinin azaldılması sahələrində BMT-nin Azərbaycanın inkişafı üçün verdiyi töhfələr müzakirə olunub. İstiqamətləndirici Komitə UNAPF-ın 2017-ci ildə icrası nəticəsində əldə olunan nəticələri qəbul edib, həmçinin 2018-ci il üzrə birgə iş planlarını, monitorinq və qiymətləndirmə planını və UNAPF-ın aralıq icmalı prosesi üçün hazırlanmış texniki tapşırığı təsdiq edib.

İclasın açılışında çıxış edən Qulam İshaqzai tərəfdaş hökumət qurumlarına BMT sistemi ilə uzunmüddətli əməkdaşlığa və Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin icrası ilə bağlı göstərilən birgə əlaqələndirmə səylərinə görə minnətdarlıq edib. O həmçinin BMT sisteminin texniki və strateji məsləhətlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nailolma istiqamətində hökumətə dəstək göstərməyə hazır olduğunu ifadə edib.

2016-2020-ci illər üçün UNAPF sənədi Azərbaycanda BMT sistemi tərəfindən hazırlanmış dördüncü əməkdaşlıq sənədidir. Bu sənəd inkişafa yardım üzərində qurulan əməkdaşlıqdan milli potensialın artırılmasına töhfə verən, milli planlaşdırma prosesi ilə uzlaşmaqla daha çox bilik tələb edən və təşviqatyönlü birgə səylərə əsaslanan tərəfdaşlığa keçidlə səciyyələnir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi