Azərbaycan baş nazirinin müavini ABŞ-ın yeni səfirindən gözləntiləri açıqlayıb

Azərbaycan baş nazirinin müavini ABŞ-ın yeni səfirindən gözləntiləri açıqlayıb "Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatlar ədalətsizliyi ilə fərqlənməsin"
Xarici siyasət
5 Dekabr , 2014 14:01
Azərbaycan baş nazirinin müavini ABŞ-ın yeni səfirindən gözləntiləri açıqlayıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycana göndərilən yeni səfirdən ilk növbədə Azərbaycanın gözləntiləri də ondan ibarətdir ki, münaqişənin həllində ABŞ səylərini daha da artırsın, reallıqlar düzgün ifadə olunsun, enerjisini buraya sərf etsin. "Report" xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, səfirdən daha bir gözlənti, öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və daha ədalətli informasiyaların verilməsidir: "O elə işləsin ki, ABŞ-ın ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatlar ədalətsizliyi ilə fərqlənməsin”.

Baş nazirin müavini qeyd edib ki, ABŞ – Azərbaycan münasibətləri normal səviyyədədir və bundan sonra da bu münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətində önəmli yerlərdən tutur.

Ə.Əhmədov qeyd edib ki, müxtəlif zamanlarda ayrı-ayrı insanlar Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirirlər: “Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən bu bəyanatlar da Azərbaycan tərəfindən pislənilir. Ən azından biz bununla bağlı onlarda, ya informasiya qıtlığının olduğunu, ya da ədalətsiz yanaşma olduğunu qeyd etmək zorundayıq. Bu cür bəyanatlar təbii ki, Azərbaycan – ABŞ münasibətlərinə də müsbət təsir göstərmir”.

Qeyd edək ki, Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Çekuta komitə səsverməsində təsdiq olunub.

Robert Çekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009-cu illər arasında Tokioda, 2003-2007-ci illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Çekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Son xəbərlər

Orphus sistemi