Yuxarı

Baş konsul: "İndiyə qədər 1500 nəfər Türkiyədən Azərbaycana göndərilib"

Baş konsul: İndiyə qədər 1500 nəfər Türkiyədən Azərbaycana göndərilib

765

"Azərbaycanın İstanbuldakı Baş Konsulluğu gücləndirilmiş iş rejmində işləyir. Koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra vətəndaşlarımızın Türkiyədən vətənə göndərilməsi ilə əlaqədar işlər davam etdirilir".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev deyib. 

O bildirib ki, bu gün İstanbul Hava Limanından həyata keçirilən növbəti çarter reysi vasitəsilə 248 vətəndaş Azərbaycana yola salınıb: "Təxliyə prosesinin başladığı gündən indiyədək ümumilikdə təxminən 1 490 vətəndaşımız İstanbuldan Azərbaycana göndərilib. Bu proses yalnız aviareyslər vasitəsilə deyil, avtobuslarla da həyata keçirilir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə ötən gün üç avtobus vasitəsilə 163 vətəndaşımız vətənə göndərilib. Təxliyə olunan vətəndaşlar 14 gün müddətində karantində saxlanılacaq”. 

Baş konsul ehtiyac duyulduğu halda növbəti günlərdə də əlavə reislərin təşkil olunacağını bildirib. Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edən M.Hacıyev konsulluğun gücləndirilmiş iş rejmində çalışdığını və “Qaynar xətt”in 24 saat ərzində gələn bütün zənglərə cavab verildiyini vurğulayıb: "Əməkdaşlarımız hava limanlarındadır. Proses başlandığı gündən etibarən konsullarımızla bərabər həmvətənlərimizin sağlam bir şəkildə ölkəmizə göndərilməsi üçün var gücümüzlə çalışırıq. Gün ərzində təxminən 200-300 vətəndaşın təxliyəsi ilə bağlı konsulluğun “Qaynar xətti”nə müraciət daxil olur və bu müraciətlər əsasında vətəndaşlarımızın təxliyə işlərini ardıcıl olaraq aparmaqda davam edirik”.

Müəllif: Vüsalə Abbasova  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi