Yuxarı

Azərbaycanın Gürcüstandakı səfirliyində Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyində Milli Qurtuluş Günü qeyd olunub - FOTO
© Report

Tbilisi. 15 iyun. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdən əvvəl səfir Dursun Həsənov, Gürcüstanda səfərdə olan Diasporla İş uzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, səfirliyin, konsulluğun əməkdaşları, Azərbaycan şirkətlərinin nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Mərasim ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlayıb.

D.Həsənov çıxışında ötən əsrin sonlarında Azərbaycanda baş verən hadisələrə nəzər salıb, ölkəmizin müstəqillik uğrundakı mübarizəsindən, qarşılaşdığı ciddi problemlərdən danışıb, ulu öndərin gərgin əməyi və zəngin dövlətçilik siyasəti nəticəsində Azərbaycanın parçalanmadan xilas olduğunu diqqətə çatdırıb. Diplomat Heydər Əliyevin müəllifi olduğu regional enerji, infrastruktur, nəqliyyat layihələrinin təkcə Azərbaycan xalqının deyil, qardaş və dost gürcü xalqının da rifah halının yaxşılaşmasına, regionda sülhə və sabitliyə, Avropanın enerji təhlükəsizliyinə xidmət etdiyini xüsusi vurğulayıb. Səfir bildirib ki, Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu davam etdirməsi nəticəsində Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

F.Muradov isə Heydər Əliyevin xarici siyasət kursunu təhlil edib, diaspora quruculuğunda ulu öndərin xidmətlərindən danışıb. O qeyd edib ki, müstəqil Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev bütün azərbaycanlıları vahid ideya ətrafında birləşdirməyə nail olub: "Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində birlik daha da möhkəmlənib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların tarixi vətənləri ilə bağlılığı daha da güclənib".

Digər natiqlər də Azərbaycan-Gürcüstan münasibətlərində Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, ulu öndərin tarixi xidmətlərini təhlil edib, dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan və gürcü xalqlarının qəlbində daim yaşayacağını vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi