Yuxarı

Azərbaycan XİN başçısının müavini Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Azərbaycan XİN başçısının müavini Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Görüşdə Azərbaycanla Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

M.Məmməd-Quliyev Azərbaycanla Afrika İttifaqı ölkələri arasında əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi baxımından son illər görülən işlərdən danışıb. O, Azərbaycanla Afrika ölkələri arasında ticarət əlaqələrinin inkişafı, bu xüsusda artıq birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Rocer Nkodo Danq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə müxtəlif sahələrdə işçi qruplarının yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin Pan-Afrika Parlamentinin fəaliyyəti barədə məlumat verib və Azərbaycanın Afrika qitəsində təşviqi baxımından təşkilatı mühüm platforma adlandırıb. 

Görüşdə Azərbaycanla Afrika ölkələri arasında təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialdan istifadənin əhəmiyyəti vurğulanıb.

M.Məmməd-Quliyev ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində əldə etdiyi uğurlardan danışıb və Afrika ölkələrini Azərbaycanın peyklərindən istifadə etməyə dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi