Yuxarı

Azərbaycan və Kamboca XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Kamboca XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

1977

© Report

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan və Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Kamboca tərəfindən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Ouç Boritin rəhbərlik edib.

Nazir müavini Xələf Xələfov Kamboca nümayəndə heyətini salamlayaraq bu səfərin Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun möhkəmlənməsi və işgüzar əlaqələrin genişlənməsi üçün faydalı olacağına, iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələr üzrə gələcək inkişafı üçün mühüm zəmin yaradacağına ümidvarlığını ifadə edib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, kənd-təsərrüfatı, tibb, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edərək əlaqələrin müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş əsnasında X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının Cənub və Cənub-Şərqi Asiya ölkələrinin Avropa bazarlarına çıxması üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən köklü islahatlar barədə danışıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu deyən nazir müavini münaqişənin regionda sülhə, sabitliyə və hərtərəfli inkişafa başlıca təhdid olaraq qalmaqda davam etdiyini bildirib. X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü bildirib və Kambocanın bu mövqeyinin davamlı şəkildə ifadə olunacağına ümidvarlığını ifadə edib.

O.Borit Kambocanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, fürsətdən istifadə edərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. O.Borit ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin tərəfdarı olduğunu vurğulayıb və münaqişənin sülh yolu ilə həllini dəstəklədiklərini deyib.

Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan kambocalı diplomat ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb, həmçinin parlamentlər arasında əməkdaşlığın gələcək inkişafında Kambocanın maraqlı olduğunu bildirib. O.Borit sovet dövründə kambocalı tələbələrin ölkəmizdə təhsil almaları üçün yaradılmış imkanlara görə Azərbaycana təşəkkürünü çatdırıb və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını qeyd edib.

Enerji sahəsində Azərbaycanın zəngin təcrübəyə və yüksək ixtisaslı peşəkarlara malik olduğunu deyən qonaq bu istiqamətdə ölkələrimiz arasında müxtəlif mübadilə proqramlarının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və siyasi məsləhətləşmələrin davamlı əsasda aparılması məsələləri müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi