Yuxarı

Astanada Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib

Astanada Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib
İndi Azərbaycan şərablarının Qazaxıstana ixrac edilməsi və satışının təşkil edilməsi üçün uğurlu danışıqlara start verilib

“Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satışının təşkili məqsədilə Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub

Bakı. 2 iyun. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib. 

"Report"a səfirlikdən verilən məlumata görə, təqdimat və dequstasiya mərasimində Qazaxıstanda akreditə olunan 40-dan çox diplomatik korpusun rəhbəri, səfirlər, bu ölkənin dövlət strukturlarının rəsmiləri, tanınmış şəxslər iştirak ediblər. 

“Made in Azerbaijan” brendi adı altında keçirilən təqdimatda şərab istehsalı üzrə ixtisaslaşan "Fireland Vineyards" MMC-nin direktoru Elmar Səidov məhsulların çeşidləri haqqında geniş məlumat verib. Bildirilib ki, Almaniya, İtaliya, Fransa vә Yaponiyadan gətirilən istehsal avadanlığı ən keyfiyyətli məhsulları ixrac etməyə imkan yaradır. Bunlardan biri olan "Chardonnay" şərab növü dünyanın ən çox satılan quru ağ şərabına çevrilib. "Chardonnay" dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da yetişir. "Viognier", "Rkatsiteli" kimi şərablar da yalnız bir üzüm növündən alınmaqla premium sinfə daxildir. 

Təqdimat mərasim çərçivəsində keçirilən dequstasiyada qırmızı şərab olan "Yallı", eləcə də "Sauvignon Blanc" iştirakçılarda xüsusi maraq oyadıb. Bolqarıstan, Macarıstan, eləcə də şərab istehsalı ilə tanınan ölkələrin səfirləri, diplomatları Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndiriblər. Bu, Azərbaycanın şərabçılıq sahəsində ixrac standartlarının göstəricisindən xəbər verir. 

İndi Azərbaycan şərablarının Qazaxıstana ixrac edilməsi və satışının təşkil edilməsi üçün uğurlu danışıqlara start verilib və müəyyən nəticələr əldə edilməkdədir. Yeri gəlmişkən, böyük həcmdə şərab istehsalçısı və ixracı ilə məşğul olan ölkələr, ö cümlədən Gürcüstan artıq bu təcrübədən istifadə edib. Odur ki, “Made in Azerbaijan” brendi altında Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub. Azərbaycanın bu ölkədəki səfirliyi ilə aidiyyəti dövlət strukturlarının birgə fəaliyyəti nəticəsində sahibkarların Qazaxıstanın Astana, Almatı, Petropavlovsk, Kustanay, Şimkənt kimi şəhərlərində təşkil olunacaq sərgi və yarmarkalarında vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi