Yuxarı

Yusuf Məmmədəliyev: "Gənclərimiz ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır"

Yusuf Məmmədəliyev: "Gənclərimiz ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır"
Hər bir gənc ölkəmizin tarixi mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir
© Report/ Firi Salim

Bakı. 2 fevral. REPORT.AZ/ "Gənclərin potensialının artırılması, onların daha da təkmilləşməsi prosesində motivasiya çox önəmlidir".

"Report" xəbər verir ki, bunu Bakıda 2 fevral - Gənclər Günü ilə bağlı "Buta Palace"da keçirilən tədbirdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan gəncliyinin istedadlı və bacarıqlı olması bir faktdır: "Gənclərimiz həm ölkə daxilində, həm də ölkə xaricində mühüm nailiyyətlər əldə edir, bununla da ölkəmizdə qlobal səviyyədə rəqabətə davamlı kadrların sayı hər gün artır. Bu gün müxtəlif sahələrdə ən istedadlı və çalışqan gənclərə təqdim olunan mükafatlar həm onların uğurlarını cəmiyyətə tanıdacaq, həm də onların özlərinə olan inamı artıracaq. Bu mükafatlar onların uğur hekayələrinin sonu yox, başlanğıcıdır. Respublikadakı hər bir gənc bilməlidir ki, onun bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyət qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır".

Y.Məmmədəliyev qeyd edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyir: "Ölkə rəhbərliyinin həyata keçirdiyi "qara qızıl"ın insan kapitalına istiqamətləndirilməsi strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Düşünürəm ki, gənclərimiz daha aktiv olmalı, ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır".

Şöbə müdiri vurğulayıb ki, bu gün dövlət başçısının apardığı uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir: "Şübhəsiz ki, bu uğur haqqında bütün dünya bilməlidir. Hər bir gənc ölkəmizin tarixi mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir. Müsəlman şərqində ilk respublikanın qurulmasının 100 illiyini qeyd etdiyimiz bir dövrdə gələcək nəsillərin də bizim dövrümüzdə yaradılan dəyərlərlə maddi və mənəvi nailiyyətlərlə qürur duyması üçün çalışmalıyıq. Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, hər biri dövrümüzün bir qəhrəmanına çevrilərək gələcək üçün qurub yaratmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi