Vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Vəkilliyə namizədlərin icbari təlimi başlayıb Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış vəkilliyə namizədlərlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.
Daxili siyasət
2 Aprel , 2018 12:44
Vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış vəkilliyə namizədlərlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

İcbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat vermiş və onlara uğurlar arzulayıb.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb, o cümlədən vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.

Eyni zamanda bildirilib ki, əvvəlki illərdə keçirilən icbari təlimlərdən fərqli olaraq, bu dəfə təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilmiş, ilk dəfə olaraq namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulub.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun vəkillik etikası mövzusunda mühazirəsi dinlənilib, vəkillik etikası ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi