Yuxarı

Vəkillər Kollegiyasının yeni sədri: "Üzvlərimizin sayının artırılmasına çalışacağıq"

Vəkillər Kollegiyasının yeni sədri: "Üzvlərimizin sayının artırılmasına çalışacağıq"
Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər
© Report/ Firi Salim — Azərbaycan Vəkillər Kolegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov

Bakı. 8 dekabr. REPORT.AZ/ "İlk növbədə, Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənədlərin qəbuluna başlanılacaq. Bilirsiniz ki, qanunvericiliyə edilən dəyişikliklə fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kolegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov deyib.

"Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq. Digər hədəf isə regionlarda hüquqi yardım işini təkmilləşdirməkdir. Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq. Məqsədimiz odur ki, ölkədə ödənişsiz hüquqi yardım institutu müasirləşdirilsin. Vəkillərin peşə hazırlığı da artırılacaq. Beynəlxalq fəaliyyətə də üstünlük veriləcək. İstəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq",-A.Bağırov əlavə edib.

O bildirib ki, indiyə qədər vəkillərin Vəkillər Kollegiyasına qəbulu ilə bağlı səhlənkarlığa yol verilib: "Çalışacağıq ki, çatışmazlıqlar aradan qaldırılsın. Vəkillərin Kollegiyaya qəbulu qanunvericiliklə tənzimlənir. Düzdür, keçid balı orada qeyd olunmayıb. Biz istəyirik ki, əmək stajı aşağı salınsın. Çünki buna görə gənc kadrlar Vəkillər Kollegiyasına müraciət etmirlər, digər dövlət orqanlarında işə düzəlirlər. İşdən xaric edilən və ya digər qurumlarda çalışanlar Vəkillər Kollegiyasına baş vurur. Potensiallı tələbələr kollegiyaya müraciət etmir. Vəkillər Kollegiyasının nüfuzu artırılmalıdır. Çalışacağıq ki, Kollegiyaya qəbulu asanlaşdıraq. Keçid balı tələblərə uyğun olmalıdır. Vəkillərin bilik səviyyəsi hakimlərin bilik səviyyəsindən aşağı olmamalıdır. Keçid balını Vəkillər Kollegiyasının Rəyasət Heyəti müəyyən edir. Əgər balın aşağı salınması ilə bağlı qərar olarsa, etiraz etmərəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi