Bakı. 16 noyabr. REPORT.AZ/ Prezident
"Report"un məlumatına görə, sərəncamla Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, o cümlədən 18 çoxmənzilli binanın istismara yararsız 62 liftinin yenilənməsi üçün 2,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,5 milyon manat ayrılıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, “STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları istifadəyə verilmiş, 65 mindən çox yeni iş yeri açılmışdır.
Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmış, geniş abadlıq-quruculuq işləri görülmüşdür.