Son beş ildə Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınan şəxslərin sayı açıqlanıb

Son beş ildə Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınan şəxslərin sayı açıqlanıb Rəis: "2016-cı ildə Azərbaycana 1 milyon 143 min 951 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib"
Daxili siyasət
16 Yanvar , 2017 16:27
Son beş ildə Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınan şəxslərin sayı açıqlanıb

Bakı 16 yanvar. REPORT.AZ / "Hazırda İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid oluruq. Dünyada ümumilikdə 65,3 milyon şəxs məcburi olaraq öz yurd yuvasından didərgin düşüb".

Dövlət Miqrasiya Xidmətindən "Report"a verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ötən ilin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

O bildirib ki, əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib: "Bu gün Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir.

Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində 1 milyon 143 min 951 nəfər olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə 2 milyon 242 min 783 girişi və 1 milyon 137 min 351 nəfər olmaqla ölkə ərazisindən 2 milyon 242 min 788 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. 2016-cı il ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 672.337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51.710 nəfərə isə müvafiq yaşama icazələri, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9.480 nəfərə isə iş icazəsi verilib".

Rəis qeyd edib ki, son beş il ərzində 68.270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.

F.Nəbiyev deyib ki, 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq mühafizə orqanlarından daxil olan materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi