Yuxarı
    Bağlamaq

    Respublikaçı Alternativ Partiyası təsis qurultayını "Facebook"da keçirib

    Bakı. 9 aprel. REPORT.AZ/ Respublikaçı Alternativ Partiyasının (ReAl) təsis qurultayı keçirilib.

    ReAl-ın icraçı katibi Natiq Cəfərli “Report”a açıqlamasında deyib ki, “Facebook” sosial şəbəkəsində “Qurultay nümayəndələri” qrupu yaradılıb, təsis konfransı virtual olaraq burada keçirilib: “Biz qurultayın keçirilməsinə yer ayrılması üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən Bakıda fəaliyyət göstərən otellərə müraciət etsək də, müsbət cavab almamışdıq. Ona görə də alternativ variantdan istifadə etdik. Qurultayda 254 qurultay nümayəndəsi iştirak edib. Səsvermə ilə partiyanın təsis olunması və Nizamnaməsi, proqram sənədləri, atributları qəbul olundu. Daha sonra ReAl-ın qərargahında seçki məntəqəsi təşkil olundu, 184 qurultay nümayəndəsi səsvermədə iştirak etdi. Real səsvermə ilə, yəni seçki bülletenlərinin qutuya atılması yolu ilə hazırda həbsdə olan Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri İlqar Məmmədov 183 səslə partiyanın sədri seçildi. İlqar Məmmədovdan başqa namizəd yox idi".

    O bildirib ki, qurultayda partiyanın Məclisi də formalaşıb: “Məclisdə 40 yer üçün 61 namizəd vardı. Bütün proses onlayn rejimdə qurultay nümayəndələrinə göstərilirdi. Partiya Məclisinə yerli Məclislərin də sədrləri daxil edilib, bunların sayı 18-dir. Proseslər film kimi çəkilib, bunun da təqdimatı olacaq”.

    Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi