Milli Şura (o cümlədən AXCP) ilə ReAl Partiyası arasında münasibətlər gərginləşib. Milli Şura təmsilçiləri iddia edirlər ki, ReAl funksionerləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər. MŞ təmsilçiləri ReAl-çıları satqınlıqda ittiham ediblər.
ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı “Report”a açıqlamasında təmsil etdiyi partiyaya qarşı ittihamların səsləndirilməsindən təəssüfləndiyini deyib.
Onun sözlərinə görə, ReAl-a qarşı çirkab atanlar bilməlidirlər ki, partiyanın mövqeyi əvvəldən necə idisə, indi də elədir: “Ölkədə gedən proseslərlə bağlı fikirlərimizdə dəyişiklik yoxdur. Bu fikirlərimizi Azərbaycanın həm daxilində, həm də xaricində səsləndiririk. Bizə qarşı deyilənlərin hamısı şər-böhtandır.
A.Qasımlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı yazını xatırladıb: “Təəssüflər olsun ki, yazımı yanlış istiqamətə yönləndirdilər. Yazım həm də təhrif edilmişdi. 1990-cı illərin siyasi mədəniyyətindən, düşüncə tərzindən azad olmamışıq. Biz bundan qurtulmalıyıq. Ölkənin irəli aparılması üçün siyasi mədəniyyət olmalıdır, bir-birimizi dinləməyi, ortaq məxrəcə gəlməyi bacarmalıyıq. Hazırda bunların heç biri yoxdur. 90-cı illərdən gələn bir çox siyasətçilər məhz bu siyasi düşüncənin daşıyıcılarıdırlar. ReAl yeni qüvvədir, ona görə də müəyyən qısqanclıqlar var. Bu, müsbət hal deyil. Azərbaycan dəyişir, siyasətə yeni insanlar gəlir, onların düşüncələrini ifadə edən təşkilat ReAl-dır. İnsanlar ReAl Partiyası ilə bağlı ittihamların yalan olduğunu bilirlər. Bu ittihamların hamısı ifşa olunub. Bu, müsbət tərəfdir. Biz istərdik ki, ölkəmizdə siyasi mədəniyyət başqa formada olsun, insanlar ideyalar, düşüncələr ətrafında mübahisə etsinlər, “satıldı” kimi ittihamlar səsləndirilməsin. Mədəniyyəti olan insanlar baş verənləri müsbət qarşılamır. Hər kəs anlayır ki, bu məsələlər müxalifətə xeyir gətirmir”.
Partiyanın İdarə Heyətinin üzvü Erkin Qədirli də ittihama münasibət bildirib: “ReAl-AXCP davası-filanı yoxdur. Son gedişatı belə görənlər yanılırlar. ReAl-ın AXCP ilə böləsi, ya da bu iki partiyanın bir-birindən alası nəyisə yoxdur. AXCP-nin bəlli bir elektoratı var. Bu elektorat heç zaman ReAl-a səs verməyəcək. ReAl-ın elektoratı hələ tam aydın deyil, formalaşmayıb, çünki ReAl bir partiya olaraq, seçkilərdə hələ iştirak etməyib. Gümanımız doğrudursa, ReAl-ın elektoratı da AXCP-yə səs verəsi deyil. Bu iki partiyanın birləşməsindən AXCP heç nə udmayacaq, ReAl isə yalnız itirəcək. Odur ki, burada söhbəti "dava", "qarşıdurma" "münaqişə" və s. anlayışların üzərində qurmaq doğru deyil. Problemin kökü daha dərindir, sistemdən qaynaqlansa da, qanacağa bağlıdır. ReAl-ı satqınlıqda suçlamaq qanacaqsızlıqdır”.