Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Təhsil Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün də 3 milyon manat ayırıb.