"Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir".
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti
"Mən bunu bir daha demək istəyirəm, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir, xəstəlik o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir. Çünki bir daha demək istəyirəm ki, son üç-dörd gün ərzində müsbət dinamika var. Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir. Çünki dünya böyük çağırışla üzləşib və biz görürük ki, bir çox hallarda ölkələr bu bəla ilə təkbaşına mübarizə aparır", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, əlbəttə, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atmışdır: "Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk".
"Bildiyiniz kimi, Azərbaycanın hazırda sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya miqyasında ilk təşkilat idi ki, Zirvə görüşünü videokonfrans şəklində keçirib. Bu Zirvə görüşü bir daha bizim həmrəyliyimizi, birliyimizi göstərmişdir. Göstərmişdir ki, biz ağır günlərdə bir-birimizin yanındayıq.
Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək", - dövlət başçısı vurğulayıb.