Yuxarı

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
Tanınmış memar və mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Abbas Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 19 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, əməkdar memar Abbas Abbas oğlu Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

"Report"un xəbərinə görə, nekroloqda deyilir: 

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov 2018-ci il fevralın 18-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Abbas Ələsgərov 1937-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1957¬–1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsində mühəndis-inşaatçı ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən, 1959-cu ildə respublika “Xalqtəsərrüfatmaştəchizatsatış” idarəsində mühəndis kimi başlayan Abbas Ələsgərov 1960–1961-ci illərdə ixtisaslaşdırılmış “Sənayetikintimexanikləşdirmə” trestində texnik, usta və mühəndis, 1961–1962-ci illərdə Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyinin əsaslı tikinti şöbəsində mühəndis işləmiş, 1962–1976-cı illərdə Sənaye Tikinti Nazirliyində tikintidə yeni texnikanı tətbiq edən “Texniki tikinti təşkilatı” trestində böyük mühəndis, qrup rəhbəri, şöbə müdiri və baş mühəndis, 1976–1977-ci illərdə Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin tikinti idarəsində baş mühəndis vəzifələrində çalışmışdır. O, 1977–1982-ci illərdə SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunda baş mühəndisin müavini, 1982–1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin layihə konstruktor-texnoloji bürosunun, 1983–2007-ci illərdə isə Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifələrini tutmuşdur.

Abbas Ələsgərov 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olmuş, eyni zamanda, 2007–2012-ci illərdə Azərbaycan Memarlar İttifaqına sədrlik etmişdir.

Tanınmış memar və inşaatçı Abbas Ələsgərov həyatını quruculuq işlərinə sərf etmiş və Azərbaycanda tikinti-memarlıq kompleksinin inkişafına töhfələr vermişdir. O, ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi və inşasının təşkili işlərinə rəhbərlik etmiş, yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində mühüm əhəmiyyətə malik bu layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Bakı şəhərinin bugünkü simasını müəyyən edən bir çox binaların, yaşayış massivləri və komplekslərinin tikinti layihələrinin, eləcə də Milli Parkın baş planının hazırlanmasında onun özünəməxsus xidmətləri vardır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi Abbas Ələsgərov tarixi abidələrin qorunması, şəhərsalmada tarixiliklə müasirliyin vəhdətinin təmin olunması və tikinti işlərinin planlı qaydada aparılması üçün bütün qüvvə və imkanları səfərbər etməklə üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmış və göstərilən etimadı daim doğrultmuşdur.

Abbas Ələsgərovun respublikada memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, “Əməkdar mühəndis” və “Əməkdar memar” fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış memar və mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Abbas Abbas oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!".

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Abid Şərifov

Hacıbala Abutalıbov

Əbülfəs Qarayev

Ömər Eldarov

Elbay Qasımzadə

Rasim Əliyev

Dövlətxan Dövlətxanov

Gülçöhrə Məmmədova

Ərtegin Salamzadə

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi