Yuxarı

Prezident İlham Əliyev: “İnvestisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf edib”

​Prezident İlham Əliyev dəmir yolu infrastrukturundan danışdı

“Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham ƏliyevAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir: “Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq”.

“Yəni onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni böyük potensial var və eyni zamanda Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir”, - dövlət başçısı əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi