Bakı. 21 sentyabr. REPORT.AZ/ “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var”.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda deyib.
Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlət başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirib.
Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlət başçısı qeyd edib ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğulayıb ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.