Prezident İlham Əliyev: "Heç kim bizim işimizə qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin"

Prezident İlham Əliyev: "Heç kim bizim işimizə qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin" Azərbaycan Prezidenti: "Onsuz da bu səylər əbəsdir"
Daxili siyasət
5 Noyabr , 2015 10:19
Prezident İlham Əliyev: Heç kim bizim işimizə qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin

"Biz görürük ki, dini zəmində qarşıdurma daha da böyük problemlərə gətirib çıxara bilər. Biz də bunu bilməliyik"

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bir çox beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərirlər. Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycanın böyük sərvətidir: "Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmamışdır və biz bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir. Azərbaycanda isə bu sahədə mövcud olan vəziyyət, ilk növbədə, ölkəmizi gücləndirir, digər tərəfdən başqa ölkələrə də yol göstərir ki, bu, mümkündür - birgə yaşamaq, bir-birinə dəstək olmaq, bir-birinin dininə, adət-ənənələrinə, milli dəyərlərinə hörmət etmək mümkündür".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda multikulturalizm dəyərləri təbliğ edilir: "Biz müxtəlif forumlar, konfranslar, beynəlxalq tədbirlər keçiririk və sübut edirik ki, bir yerdə yaşamaq mümkündür. Azərbaycanın timsalında bunu hər kəs görə bilər.

Ancaq bu gün biz görürük ki, dini zəmində qarşıdurma daha da böyük problemlərə gətirib çıxara bilər. Biz də bunu bilməliyik. Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik. Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq reallıqdır, ancaq acı reallıqdır. Ona görə biz bundan sonra da ancaq daxili resurslar hesabına yaşamalıyıq.

Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizim işimizə də heç kim qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir.

Hesab edirəm ki, Azərbaycan xalqı bu gün öz milli ləyaqətini qoruya bilir, bunu sübut edib. Bizim gücümüz xalqla iqtidar arasındakı birliyimizdədir. Ona görə də dünyada gedən acınacaqlı proseslərə baxmayaraq, biz Azərbaycanda inkişaf görürük. Yeni binalar, yeni sənaye müəssisələri tikilir, insanlar rahat yaşayır, seçkilər gözəl şəraitdə keçirilir. Bax, budur Azərbaycanın uğurlu inkişaf modeli. Mən əminəm ki, biz gələcəkdə də bu uğurlu yolla gedəcəyik.

Son xəbərlər

Orphus sistemi