“Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
O qeyd edib ki, kimsə cibində kamera hansısa nöqsanı tapıb şişirtmək məsqədilə təxribat xarakterli addımlar ata bilər: “Güman edirəm ki, dairə seçki komissiyalarının polislə birgə apardığı iş emosiyaya qapılmadan olmalıdır. Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin”.
O.Zalovun sözlərinə görə, heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun: “Bələdiyyə seçkləri ən yüksək səviyyədə keçiriləcək.
Nazir müavini bildirib ki, bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz və sabit ölkələrdən biridir: "Ölkəmizdə hər 100 min nəfərə düşən cinayətin sayına görə həm MDB, həm də Avropa ölkələri arasında ən az hadisə baş verən ölkələrdən biridir. Bunun nəticəsidir ki, Azərbaycanda onlarla beynəlxalq tədbir yüksək səviyyədə keçirilir. Seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələri tam həcmdə və layiqincə yerinə yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Mühüm dövlət tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun, təhlükəsiz şəraitində keçirilməsi, vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün əsas amillərdən olan ictimai asayişin etibarlı qorunmasını təşkil etmək məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər nəzərə alınıb və Tədbirlər Planının hazırlanmasına start verilib. Şəxsi heyətin sayıqlığının artırılması, səsvermənin gedişinə müdaxilələlərin qarşısını alınması üçün müvafiq icra hakimiyyəti və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin və məlumat mübadiləsinin genişləndirilməsi, əməliyyat durumuna mənfi təsir göstərə biləcək amillərin vaxtında aşkar edib qarşısını almaq, asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması üçün mütəmadi olaraq təxirəsalınmaz tədbirlər nəzərdə tutulur”.