Oqtay Əsədov: "Bu gün Azərbaycanla Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir"

Oqtay Əsədov: "Bu gün Azərbaycanla Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir" Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisi arasında əməkdaşlıq barədə sənəd imzalanıb
Daxili siyasət
12 May , 2016 18:13
Oqtay Əsədov: Bu gün Azərbaycanla Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

Bakı. 12 may. REPORT.AZ/ Milli Məclisin (MM) sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşüb. "Report" bu barədə MM-in rəsmi saytına istinadən xəbər verir. 

O.Əsədov bildirib ki, ölkələr arasında çox qədim dostluq və qonşuluq münasibətləri var: "Azərbaycanla Rusiya Federasiyasının subyekti olan Dağıstan arasında əməkdaşlığın dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin mühüm rolu olub. Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün həm də Azərbaycanda Dağıstan Mədəniyyəti Günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir.

Oqtay Əsədov münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd edib, qanunvericilik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirib.

Dağıstan Xalq Məclisinin sədri Xizri Şixsaidov Dağıstanın Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

O, Azərbaycanın böyük oğlu Heydər Əliyevlə Dağıstan nümayəndə heyətlərinin görüşünü məmnunluqla xatırlayaraq bu dahi şəxsiyyəti zəmanəsinin görkəmli siyasi xadimi kimi dəyərləndirib.

Qonaq görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin dünən Mahaçqala şəhərində abidəsinin təntənəli açılışını dağıstanlıların onu daim qəlblərində yaşatmalarının, Dağıstanın inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin bariz nümunəsi kimi dəyərləndirib. O bildirib ki, dağıstanlılar Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini arzulayır.

Sonra qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisi arasında əməkdaşlıq barədə sənəd imzalanıb.

Son xəbərlər

Orphus sistemi