​Müsavat Partiyasının başqanı: "Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur"

​Müsavat Partiyasının başqanı: "Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur" "Açıq qapını sındırmağa nə ehtiyac var?!"
Daxili siyasət
15 Noyabr , 2014 11:03
​Müsavat Partiyasının başqanı: Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur
Bakı. 15 noyabr. REPORT.AZ/ "Müsavat Partiyasının üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Üzərimə müharibə ilə gələn müsavatçıları da sülhlə qarşılayacağam".

"Report"un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O partiya ilə bağlı məsələlərin müzakirəsinə hazır olduğunu bildirib: "Napaleonun məşhur deyimini mən belə dəyişdirirəm: "Müharibə istəyənlər onu almayacaqlar". Öz tərəfimdən körpüləri yandırmamışam. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?! Qubad İbadoğluna 3 dəfə özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib.

Siyahıda adları olanlardan bəziləri ilə görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri, hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar patriya üzvləri ilə yanaşı Müsavatda aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda, indi yox yerdən problem uydurub, qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil. Bununla belə, onlarla da görüşüb mövqelərini dinləməyə hazıram.

Bir dəfə də demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa gəlin sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın".

Qeyd edək ki, noyabrın 14-də Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalanlar-başqanlığa sabiq namizəd və tərəfdarları bəyanat yayıblar. Bəyanatda bildirilib ki, son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı “cəza vermək” çağrışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyası plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır. Onlar həmçinin bir sıra tələblər də irəli sürüblər.

Son xəbərlər

Orphus sistemi