Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam etdirilib

Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam etdirilib Deputatlar təkliflər veriblər
Daxili siyasət
7 Dekabr , 2016 12:52
Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam etdirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.
“Report”un xəbərinə görə, deputat Jalə Əliyeva deyib ki, dünyada baş verən böhran Azərbaycandan yan keçməyib, amma ölkədə bununla bağlı müvafiq tədbirlər görülür: “Hamımız dövlətimizin, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Prezident sosial mənzillərin tikilməsi ilə bağlı sərəncam imzaladı. Bu, təqdir olunmalıdır. Mənə elə gəlir, büdcə gərginliyi sosial evlərin tikintisini ləngitməyəcək”
J.Əliyeva məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqların yaradılmasını təklif edib.
Hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Tahir Rzayev bildirib ki, ölkədə müəyyən qədər iqtisadi çətinliklər mövcuddur. Onun sözlərinə görə, dünyada baş verən iqtisadi böhran, dolların bahalaşması Azərbaycandan yan keçə bilməzdi.
T.Rzayev iş yerlərindən ixtisarlarla bağlı narazılığını ifadə edib. O bildirib ki, bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etmələri doğru deyil: “Kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.
YAP-çı deputat Musa Quliyev qeyd edib ki, Azərbaycanda qeyri-neft sektoru-nəqliyyat, kənd təsərrüfatı inkişaf etdirilməlidir: “Büdcədən sosial xərclər 40,3 faiz təşkil edir. Bu da onu göstərir ki, sosial rifahın yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı diqqət artırılmalıdır, ünvana çatmama, kənaraçıxma halları olmamalıdır”.
Parlamentdə YAP-ı təmsil edən deputat Yevda Abramov isə bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın büdcəsinin formalaşmasına da təsir edib.
O çıxışında Tarif Şurasının ittiham edib: “Həmişə xalqın dərdini müzakirə etmişəm, kiminləsə şəxsi problemim yoxdur. Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailərə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?”.

Deputat “Qara bazar”dakı dolların satılmasına da münasibət bildirib. O deyib ki, bu işə nəzarət olunmur: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Harandadır bu adamların maşınlarda bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi