Bakı. 28 yanvar. REPORT.AZ/ "Bu gün sahibkarlığa dəstək ən vacib məsələlərdən biridir. Sovet dövründən qalmış fikirlərlə sahibkardan düşmən obrazı formalaşdırmışıq. Sahibkarı düşmən imicində görürük. Hətta əsassız olaraq deyilir ki, sahibkarlar quldur, oğru və istismarçıdırlar".
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin yanvarın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sahibkarlığa dəstək üçün qanunvericiliyə bəzi əlavə və dəyişikliklər edilməlidir: "Biz bunu etməliyik ki, sahibkarların əli-qolu açılsın. Bundan başqa, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı çoxlu dəstəkverici layihələri ortaya çıxarmalıyıq. Bu, Əmək Məcəlləsi ilə tənzimlənə bilər".