"Çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı Sumqayıt həkimlərinə çatdırasınız. Mən artıq dəfələrlə demişəm ki, həkimlərin fədakarlığı qürur hissi yaradır. Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər. Mən demişəm, hətta o geyimdə belə hərəkət etmək çətindir. Onlar isə ayaqüstə, gecə-gündüz xəstələrin yanındadırlar. Xəstələrin sağalmasında həkimlərin çox böyük rolu var. Əlbəttə ki, görülmüş bütün tədbirlər və sizin də qeyd etdiyiniz kimi, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati düzgün işlərinin qurulması və qabaqlayıcı tədbirlər bizi demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi, indi həyat göstərir ki, düzgün addım idi".
"Report" xəbər verir ki, bu fikirləri Prezident
"Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”. Biz ölkəmizin müasir rəmzlərindən biri olan “Alov qüllələri”ndə də bütün həkimlərimizi alqışlamışıq. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. Mən demişəm, indi bir çox ölkələrdə imkanlı adamlar istəyirlər dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarına müraciət etsinlər. Ancaq bu gün nəyi görürük? Onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik. Bu gün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri böhran içindədir, xəstələrə qulluq edə bilmirlər. “COVID-19” xəstəliyinə düçar olmuş, amma vəziyyəti ağır olmayan insanlara nəinki tövsiyə edilir, göstəriş verilir ki, evdə otur. Onları xəstəxanalara götürmürlər, ən inkişaf etmiş ölkələrin xəstəxanalarında xəstələri dəhlizlərdə yerə uzadırlar. Ən inkişaf etmiş ölkələrdə artıq neçə gündür ki, yüzlərlə insan vəfat edir, yüzlərlə. Özü də elə ölkələr var ki, o ölkələrin əhalisi Azərbaycanın əhalisi ilə demək olar ki, təxminən eynidir. Yüzlərlə - 200, 300, 400 insanın vəfat etməsi onu göstərir ki, o ölkələrin səhiyyə sistemi buna hazır deyil, bu yükü götürə bilmədi və faktiki olaraq çökdü", - dövlət başçısı bildirib.