Yuxarı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu təkmilləşdirilir - FƏRMAN

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi daşıyır. 

Nazirlər Kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” sosial xidmət müəssisələrinin əsasında vahid qurumun yaradılmasını bir ay müddətində təmin etmək və bu barədə Prezidentə məlumat vermək, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli fərmanının 1.1.5-ci yarımbəndində verilmiş tapşırığın icrasını ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təmin etmək, Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”ndə, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi”ndə və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” sosial xidmət müəssisələrində işləyən işçilərin bu fərmana əsasən yaradılacaq vahid qurumda müvafiq vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görməli, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsi barədə bir ay müddətində Prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi