Bakı. 17 yanvar. REPORT.AZ/ Prezident
"Report" xəbər verir ki, fərmanla Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilir. Eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılır. Həmçinin Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilir.
Bundan başqa, Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilir.
Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Müəyyən edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların (“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.
Prezidentinin Administrasiyası hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Prezidentə təqdim edilməsini altı ay müddətində təmin etməlidir.
Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezident təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görmək, Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etmək və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanasını vahid qurumda birləşdirmək, Respublika Bədən Tərbiyəsi Mərkəzi və “Təhsil” Respublika İdman Mərkəzini vahid qurumda birləşdirmək, üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Prezidentlə razılaşdırmaqla müəyyən etmək, bu fərmanla müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etmək və nəticəsi barədə Prezidentə məlumat vermək, Maliyyə Nazirliyinin və onun yanında Dövlət Xəzinədarlıq Agentliyinin əsasnamələrinin layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görməlidirlər.
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görməli və nəticəsi barədə Prezidentə məlumat verməlidirlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasını həyata keçirmək, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin DATA mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli fərmanında onun üçün nəzərdə tutulmuş, habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq vəsait həddində dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət büdcəsinə ödənilməsini təmin etmək tapşırılıb.
Mərkəzi icra hakimiyyəti orqanları bu fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq şərait yaradılmasını və kömək göstərilməsini təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.