Bayram günlərində Azərbaycanın gömrük keçid məntəqələri necə işləyəcək? - ARAŞDIRMA - VİDEO

Bayram günlərində Azərbaycanın gömrük keçid məntəqələri necə işləyəcək? - ARAŞDIRMA - VİDEO Tıxac və sıxlığın aradan qaldırılması üçün hansı hazırlıq işləri görülür
Daxili siyasət
15 Mart , 2016 12:51
Bayram günlərində Azərbaycanın gömrük keçid məntəqələri necə işləyəcək? - ARAŞDIRMA - VİDEO

Bakı. 15 mart. REPORT.AZ/ Novruz bayramı ilə əlaqədar gömrük keçid postlarında sərnişin və nəqliyyatın hərəkətinin intensivliyi artıb. Gediş-gəlişin artması isə gömrük keçid məntəqələrində tıxac və sıxlığın yaranmasına gətirib çıxarır. Bayram günlərində xırda ticarətlə məşğul olanlarla yanaşı tətili qonşu ölkələrdə keçirmək istəyənlərə də rast gəlmək olar. Bayram günləri ərəfəsində, həmçinin qonşu ölkələrdən də Azərbaycana turist axını olur - Novruz bayramında daha çox İran və Rusiyadan Azərbaycana gələnlər üstünlük təşkil edir. Azərbaycanın gömrük keçid məntəqələri bayram günlərində yarana bilən tıxac və sıxlığın aradan qaldırılması üçün hansı hazırlıq işlərini görürlər?

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük keçid postunun rəis müavini Cavid Nadirov "Report"a bildirib ki, bayram günləri Azərbaycan tərəfə sərhəddən keçən şəxslərin sayı digər günlərə nisbətən iki dəfə artıb: "Bayram günlərində Samur gömrük keçid postunda sıxlıq yaranır. Lakin yarana biləcək sıxlıq və tıxacların ardan qaldırılması üçün gömrük postu tərəfindən əlavə tədbirlər görülür. Gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əgər ehtiyac yaranarsa əlavə keçid xətlərindən istifadə olunacaq. Novruz bayramı  ilə əlaqədar olaraq gömrük keçid postundan gün ərzində 1800-2000 sərnişin qeydiyyata alınır ki,  bu da adi günlərlə müqayisədə iki dəfə çoxdur".

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" buraxılış məntəqəsindən isə "Report"a bildirilib ki, bayram günlərində gediş-gəlişdə sıxlığın qarşısını almaq üçün buraxılış məntəqəsinə əlavə işçi qüvvəsi cəlb olunacaq: "Sınıq Körpü" buraxılış məntəqəsi 24 saat fəaliyyət göstərir. Yalnız bayram günlərində deyil, adi günlərdə də buraxılış məntəqəsinin gömrük xidməti əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yarana biləcək tıxac və sıxlığın qarşısını almaq üçün isə hər il olduğu kimi bu il də əlavə buraxılış məntəqəsinə əlavə işçi qüvvəsi cəlb olunacaq".

Astara Gömrük İdarəsinin gömrük sərhəd-keçid məntəqəsinin rəis müavini Abbas İsmayılov "Report"a bildirib ki, məntəqədə keçid xətlərində elektron növbə sistemi yaradılıb ki, bu da gediş-gəlişdə yarana biləcək sıxlığı minimuma endirib.
Rəis müavini qeyd edib ki, nə adi günlərdə, nə də bayram günlərində Astara gömrük sərhəd-keçid məntəqəsində sıxlıq yaranmır. Lakin buna baxmayaraq, sərhəd-keçid məntəqəsinin gömrük xidməti əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Astara gömrük sərhəd-keçid məntəqəsində iş müasir prinsiplər əsasında qurulub. Mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin müasir standartlar səviyyəsində həyata keçirilməsi üçün sərhəd-keçid məntəqəsində xüsusi yoxlama və baxış yerləri ayrılıb. Buna görə də, sərhəd-keçid məntəqəsində sıxlıq demək olar ki, çox az hallarda müşahidə olunur". 

Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsoltanov "Report"a bildirib ki, Novruz bayramı günlərində vətəndaşların İrana sərbəst gediş-gəlişində heç bir problem yaranmayacaq: "Bayram günlərində Biləsuvar gömrük sərhəd-keçid məntəqəsində müəyyən qədər sıxlıq yaranır. Vətəndaşların sərbəst gediş-gəlişi üçün Novruz bayramı ərəfəsində gömrük sərhəd-keçid məntəqəsinin gömrük xidməti əməkdaşları gücləndirilimiş iş rejimində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi